Fransalı mütəxəssis Erve Renar futbol üzrə Tunis millisinin baş məşqçisi vəzifəsindən ayrıldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib.
Erve Renar Tunis millisinə dünya çempionatının qrup mərhələsinin ilk turundan sonra - iyunun 16-da baş məşqçi təyin olunmuşdu. Həmin vaxt Tunis millisi ilk oyunda İsveçə 1:5 hesabı ilə məğlub olmuşdu. Onun rəhbərliyi altında komanda Yaponiyaya 0:4, Niderlanda isə 1:3 hesabı ilə uduzub və qrup mərhələsini keçə bilməyib.
"2026-cı il dünya çempionatında iştirak etmək imkanı yaratdığına görə Tunis Futbol Federasiyasına ən səmimi təşəkkürümü bildirirəm. Mənim macəram burada başa çatır", - deyə Renar yazıb.
57 yaşlı mütəxəssis daha əvvəl Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi vəzifəsindən də dünya çempionatı başlamazdan əvvəl ayrılmışdı.
Erve Renar məşqçilik karyerası ərzində Mərakeş, Kot-d'İvuar, Anqola və Zambiya millilərini də çalışdırıb. O, Kot-d'İvuar və Zambiya yığmalarını Afrika Millətlər Kubokunun qalibi etməyi bacarıb.