Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino Meksika Futbol Federasiyasının dəstəyini qazanıb.
Oxu.Az "As" qəzetinə istinadən xəbər verir ki, buna səbəb onun təşkilatı Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Futbol Konfederasiyasından (KONKAKAF) Cənubi Amerika Futbol Konfederasiyasına (KONMEBOL) keçirəcəyinə dair verdiyi vəddir.
Məlumata görə, Meksika milli assosiasiya ilə regionun rəhbər orqanı arasındakı pis münasibətlərə görə KONKAKAF-ı tərk etməyə can atır. Gərginlik Meksika millisi və "Liqa MX" (Meksikanın ali futbol divizionunun komandaları - red.) komandalarının Cənubi Amerika turnirlərində iştirak etməyə başlaması ilə yaranıb və KONKAKAF-ın klubların Libertadores Kuboku ilə KONMEBOL Kubokunda iştirakına mane olması ilə daha da kəskinləşib.
Meksika Futbol Federasiyasının KONMEBOL-a keçidini dəstəkləyən əsas arqumentlərdən biri dünya çempionatının iştirakçı sayının ehtimal edilən 64 komandaya qədər artırılmasıdır. Bu halda Cənubi Amerika konfederasiyası turnirdə əlavə yerlər qazanacaq ki, bu da Meksika yığmasının seçmə mərhələni keçmək şansını xeyli yüksəldəcək. Eyni zamanda, ölkənin İnfantinoya verdiyi dəstək Meksikanın 2029-cu ildə Klublararası dünya çempionatına ev sahibliyi etmək istəyi ilə də bağlı ola bilər.
Xatırladaq ki, bir müddət əvvəl İnfantino dünya çempionatının yayım hüquqlarının bir hissəsini özəl investorlara satmağı təklif etmiş, lakin müxtəlif təşkilatların sərt tənqidi səbəbindən bu fikrindən daşınmışdı. Xüsusilə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), KONKAKAF, Asiya Futbol Konfederasiyası (AFC) və KONMEBOL bu təklifi rədd etmişdi. Üstəlik, UEFA FIFA-nın bayrağı altında keçirilən turnirləri boykot edəcəyini və beynəlxalq federasiya prezidentinə etimadını itirdiyini açıqlamışdı. Məlumata görə, funksioner tutduğu postu öz istəyi ilə tərk etməkdən imtina edərsə, UEFA ona etimadsızlıq votumu irəli sürməyə hazırlaşır. Bütün bu təzyiqlərin fonunda İnfantinoya Afrika Futbol Konfederasiyası və başda Meksika Futbol Federasiyası olmaqla bir sıra milli assosiasiyalar dəstək nümayiş etdirib.
Qeyd edək ki, 56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FIFA rəhbəri seçilib. Daha sonra o, iki dəfə alternativsiz şəkildə bu posta yenidən seçilib. FIFA-nın rəhbəri vəzifəsinə növbəti seçki 2027-ci ilin mart ayında baş tutacaq.