Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) tərəfindən Ümumnepal Futbol Assosiasiyasının (ANFA) qurumdakı üzvlüyünün dayandırılmasından sonra italiyalı mütəxəssis Qulyelmo Arena Nepalın futbol üzrə milli komandasının baş məşqçisi postunu tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti məlumat yayıb.
Sinqapur, Əlcəzair, İsveçrə və Mərakeş komandalarını çalışdırmış italiyalı mütəxəssis bir neçə ay əvvəl avstraliyalı Mett Rossun komandadan getməsindən sonra millinin sükanı arxasına keçmişdi. Arenanın sözlərinə görə, o, vəziyyəti diqqətlə nəzərdən keçirdikdən sonra "müqavilənin ləğv edilməsi barədə ANFA ilə qarşılıqlı razılığa" gələ bilib.
Xatırladaq ki, FIFA daha əvvəl Himalay ölkəsinin millisinə və onun klublarına beynəlxalq turnirlərdə iştirak etməyi də qadağan edib. Bununla da ANFA FIFA üzvü kimi bütün hüquqlarını itirib. Assosiasiya və onun nümayəndələri FIFA, eləcə də Asiya Futbol Konfederasiyasının (AFC) inkişaf proqramlarında, kurslarında və ya təlimlərində iştirak imkanından məhrum edilirlər.
FIFA-nın baş katibi Mattias Qrafströmün ANFA rəhbəri Kiran Raya ünvanladığı məktubdan məlum olduğu kimi, bu qərar Milli İdman Şurası (NSC) tərəfindən qurumun nizamnaməsinin kobud şəkildə pozulması, futbol assosiasiyasında seçki prosesi ilə bağlı onların arasında həll olunmamış münaqişə və seçkilərə üçüncü tərəflərin müdaxiləsi ilə əlaqədardır.