İspaniyalı atlet Mariya Peres Birmingemdə keçirilən yüngül atletika üzrə Avropa çempionatında 21 kilometrlik yarımmarafon məsafəsinə idman yürüşündə yeni dünya rekordu müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İdmançı bu məsafəni 1 saat 30 dəqiqə 6 saniyəyə qət etməyi bacarıb. Onun bu göstəricisi sözügedən məsafədə qeydə alınan ilk rəsmi dünya rekordu kimi tarixə düşüb. Belə ki, atlet Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (World Athletics) müəyyən etdiyi normativi 24 saniyə qabaqlayıb.
Qeyd edək ki, idman yürüşü üzrə yarımmarafon 2026-cı ildən etibarən rəsmi yarış növü kimi təsdiqlənib. Ötən ilin dekabr ayında "World Athletics" qadınlar arasında ilk dünya rekordu üçün 1:30.30 normativini tətbiq etmişdi.
30 yaşlı Peres Paris Olimpiya Oyunlarında qarışıq estafetdə qızıl, 20 km məsafəyə fərdi yarışda isə gümüş medalın sahibi olub. O, 20 və 35 km məsafələrdə ümumilikdə dörd dəfə dünya çempionu adını qazanıb.
Avropa çempionatının qalibi tituluna ikinci dəfə yiyələnən ispan atlet ilk belə uğurunu 2018-ci ildə 20 km məsafədə əldə etmişdi.
Birmingemdə təşkil olunan Avropa çempionatına avqustun 16-da yekun vurulacaq.