Bu gün Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov Qazaxıstanın Almatı şəhərində keçirilmiş dünya çempionatında uğur qazanmış milli komandamızın üzvləri və il ərzində müxtəlif nüfuzlu yarışlarda fərqlənmiş digər boksçularla görüşüb.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Heydərov yığmamızın dünya çempionatından böyük qələbələrlə döndüyünü bildirib.
O, 2 qızıl, 1 bürünc medal qazanmış boksçularımızı ABF adından təbrik edərək, bunu ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndirib:
“Təəssüf ki, 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi Azərbaycan üçün hazırlanmış bir ssenarinin əsasında boksçularımızın daha yüksək nəticələr göstərmələrinə imkan verilmədi. Bununla belə, olimpiadada 2 bürünc medal qazandıq. İndi Azərbaycanın hər bir regionuna gedirsən, hər yerdə olimpiya kompleksləri və digər idman qurğuları istifadəyə verilib. Bu, ölkəmizin digər sahələrində olduğu kimi qazandığı nailiyyətlərdən biridir”.
Heydərov əldə edilən uğurla bağlı prezident İlham Əliyevə təşəkkür və təbriklərimi çatdıraraq, bunu dövlət başçısının prezident seçkisində parlaq qələbəsinə verdiyi dəstək kimi dəyərləndirib:
“Beynəlxalq Həvəskar Boks Federasiyasının əsas texniki heyəti boksçularımızın nəticələrini aşağı salırdılar. Amma qalibi mühakimə etmirlər. Biz ümumi komanda hesabında 3-cü yeri tutmuşuq, Azərbaycanın idman salnaməsinə yazılmışıq. Bundan sonra da qazanılacaq medallar siyahısında öz yerimizi tutmuşuq. İdman uğurlarınızla siz nə qədər yüksək pillələrə qalxsanız, deməli, Azərbaycan gəncliyi o qədər sağlamdır. O vaxt ümummilli lider Heydər Əliyev “Sağlam bədəndə sağlam ruh olar” deyirdi. Onun sözləri bu gün öz məntiqi nəticəsini tapır”.
ABF prezidenti əldə olunan uğurlarda idmançılarla bərabər, məşqçilərin də rolunu xüsusi qiymətləndirib.
Azərbaycan boks yığmasının baş məşqçisi Vladimir Zolotaryov prezident seçkisində qələbə qazanması münasibətilə İlham Əliyevi təbrik edib. O, komandamıza yaradılan hərtərəfli şəraitdə ABF rəhbərliyinin rolunu qeyd edərək, uğurların davamlı olacağına inam ifadə edib.
Sonda ABF prezidenti Kəmaləddin Heydərov dünya çempionatında fərqlənən boksçularımızı mükafatlandırıb və onlarla birgə nahar edib.