Argentina yığmasının keçmiş hücumçusu Dieqo Armando Maradona italyan futbolçusu Corco Kyellini dişlədiyinə görə dörd ay müddətinə diskvalifikasiya edilən uruqvaylı Luis Suaresin hərəkətinə fikir bildirən iki futbol ulduzunu – Frans Bekkenbauer və Peleni tənqid edib.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, argentinalının sözlərini Globo Esporte dərc edib.
“Blatterin (FİFA prezidenti) xoşuna gəlsin deyə ağızlarına gələni danışmaq üçün bu axmaqların hər ikisi muzeydən çıxıb. Pele özü karyera üçün bir neçə oyunçu qırıb, Bekkenbauer isə dirsəklərini elə yelləyirdi ki, hətta kimisə öldürə də bilərdi”, - Maradona bəyan edib.
Argentinalı futbol ulduzu həmçinin, Suaresin cəzasının çox sərt olduğunu vurğulayıb. Hərəkətinə görə uruqvaylı oyunçu dörd ay müddətində bütün turnirlərdə iştirakdan kənarlaşdırılıb, eləcə də ölkə yığmasının 9 oyununda iştirak etməyəcək.