Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Məşqçinin dilindən "oğurlanan" söz: "Zirə" zəif səddi niyə keçə bilmədi?
Anar Həsənov yazır...
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Zirə" Moldova "Şerif"i ilə cavab qarşılaşmasından məğlub ayrıldı. İlk görüşünü səfərdə keçirən "qartallar" minimal hesabla qalib gəlsələr də (1:0), doğma meydanda şansı əldən verdilər (1:2). Bəlkə də, ilk hissənin 40-cı dəqiqəsində Salifu Sumanın qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılması Rəşad Sadıqovun bütün planlarını korladı.
Amma əminliklə deyə bilərəm ki, "Zirə"nin məğlubiyyətinin səbəbi qırmızı vərəqə yox, penaltilərə hazırlaşmaması idi.
"Zirə" matça öyrəşmədiyimiz hücum taktikası ilə çıxmışdı. Rəşad Sadıqovun komandasının bu tərzdə oyun nümayiş etdirməsi nəticəsini ilk dəqiqələrdə verdi. Rafael Utziq beşinci dəqiqədə "qartallar"ı hesabda irəli çıxardı.
Rəşad Sadıqov oyunöncəsi mətbuat konfransında penaltilər seriyasına hazırlaşmadıqlarını, görüşün taleyini əsas vaxtda həll etmək istədiklərini demişdi. Aydındır ki, təcrübəli çalışdırıcı bunu bilərək demişdi. Çünki "qartallar" ikinci hissədə meydana görməyə öyrəşdiyimiz tərzdə çıxaraq müdafiə xarakterli oyun nümayiş etdirməyə başladılar. Ancaq rəqibin 53-cü və 77-ci dəqiqələrdə vurduğu qollardan sonra səfərdəki nəticəyə görə ümumi hesab 2:2 olduğundan Sadıqov taktikasını dəyişməli oldu. Artıq komandanın var gücü ilə vaxtı uzadaraq məsələni penaltilər seriyasına qədər daşımaq həvəsinə şübhə qalmırdı. Oyuna sonradan daxil olan futbolçuların fiziki durumu isə "Zirə"nin uzatma dəqiqələri və penaltilər seriyasında nəticə əldə etmək istəyi ilə tərs mütənasib idi.
Sadıqovdan fərqli olaraq, "Şerif"in çalışdırıcısı Yuri Qura mətbuat konfransında əldə etdiyi məlumatdan yararlanmağa cəhd etdi. Bir növ Sadıqovun komandası ilə bağlı açıqladığı zəif məqamı tutdu. Penaltilər seriyasına iki dəqiqə qalmış qolkiperi dəyişdi. Düzdür, rəqibin qapıçısı heç bir zərbə mövqeyini doğru təxmin edə bilmədi, amma son nəticədə (4:5) penalti seriyalarını məşq etməyən komanda UEFA Konfrans Liqasına yollanmalı oldu.
Oyundan sonra açıqlama verən Rəşad Sadıqov "Şerif"ə məğlubiyyəti böyümələri üçün imkan kimi dəyərləndirdi:
"Belə görüşdən sonra oyunu şərh etmək çox çətindir. Matç boyunca üstün olan tərəf idik. Rəqibin nadir hücumlarının qarşısını almağa çalışırdıq. Təəssüf ki, alınmadı. Qırmızı vərəqə görüşə təsir etdi. Ara-sıra əks-hücumlara çıxırdıq, futbolçularım layiqli mübarizə apardılar. Nəticəyə görə məyusuq. Təbii ki, düzgün təhlillər aparsaq, məğlubiyyət böyüməyimizə imkan yaradacaq".
Oyunu izləyən futbolsevərlərin qənaəti isə belədir ki, sözügedən rəqibdən bu qədər qorxmağa dəyməzdi. Görünürdü ki, "Şerif" hazır deyil, xətlər arasında əlaqə, bəlli bir oyun planı yoxdur, çox şey sadalamaq olar. Sona yaxın, gücün bitdiyi məqamlarda belə, "Zirə" 10 nəfərlə rəqibini sıxa bildi, epizodlar yaratdı. Deməli, oynamaq, qol vurmaq olardı. Penaltilər Azərbaycan klublarının ən zəif yeridir. Oyunu oraya qədər dartıb bəxtə güvənmək isə çox böyük səhv idi.
Bəs Rəşad Sadıqov bu məqamı bilmirdi?
Bəlkə də, bilirdi...
Hər halda, artıq oyun geridə qaldı və "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiya təmsilçisi "Dunayska Ştreda" ilə qarşılaşacaq. "Qartallar" artıq bu barədə düşünməyə başlamalı və Rəşad Sadıqovun dediyi kimi, "Şerif" səhvindən nəticə çıxarmalıdırlar. Avropada çıxış etmək istəyən komanda çəkingən deyil, inamlı, cəsarətli oyun nümayiş etdirməlidir. Xüsusilə də hücuma üstünlük verən rəqibə qarşı.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"
- "Atletiko Madrid" rəsmiləri Tibo Kurtuanın xatirə lövhəsini sökdürdülər
- FKSB klubu "Qarabağ"la daha erkən "görüşəcək"
- Avrokuboklarda 2025-2026 mövsümünün ilkin təqvimi açıqlanıb
- Səudiyyə Ərəbistanından olan futbolçu Avropa Liqasının tarixinə düşüb
Rəylər