“Düşünürük ki, İslam Oyunları keçirilən zaman bütün dünyanın diqqəti bizdə olacaq”.
Oxu.Az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, açılış mərasimində ölkə başçılarının iştirakı hələ təsdiqlənməyib.
Nazir bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarında bu il bəzi səbəblərə görə Sudan, Liviya, Küveytdən olan idmançılar iştirak etməyəcək:
“Bu, onların öz qərarlarıdır, biz onların hansı səbəbə görə Oyunlarda iştirakdan imtina etdiklərini bilmirik. İslam Oyunlarında Azərbaycan heç bir xarici ölkənin idmançılarının xərclərini ödəmir. Əksinə, hər bir idmançı qidasına və qalmasına görə ölkəmizə 50 dollar ödəyir”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycanın məqsədi bu Oyunlarda ümumi komanda hesabında birinci yeri tutmaqdır.
İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faysal Abdul Aziz Əl-Nassar isə təşkilati işlərin yüksək səviyyədə olduğunu deyib:
“Bu Oyunlarda 3000-dən çox idmançı Odlar diyarında yarışacaq. Azərbaycan tərəfindən tükənməz dəstək Oyunlara əlavə rəngarənglik qatacaq. Yarışın Təşkilat Komitəsinin rəhbəri olan Azərbaycanın I xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirirəm.
İnanıram ki, bu yarış İslam Həmrəyliyi Oyunları arasında ən yaxşılardan olacaq. Yekunda Azərbaycan prezidenti İlham Əliyevə qətiyyəti və dəstəyi ilə Oyunların Bakıda keçirilməsinə şərait yaratdığı üçün təşəkkür edirəm”.
Elvin Əhmədov
FOTO: İsmayıl Nur