2016 Formula 1 Çempionatının 14-cü yarışı olan İtaliya Qran Prisini Mercedes komandasının pilotu Niko Rosberq qazandı.
Oxu.Az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, yarışı ikinci mövqedən başlayan Rosberq, poul mövqeyindən yarışa başlayan komanda yoldaşı Luis Hamiltonun geriləməsindən yararlanaraq liderliyə yüksələ bildi.
Yarış boyunca yerini qoruyan və çox rahat bir yarış keçirən Rosberq, damalı bayrağı birinci görərək, bu il 7-ci, karyerasında isə 21-ci qalibiyyətini qazandı.
İlk turda 6-cı sıraya qədər düşən Hamilton, bir pit-stop strategiyasını seçərək, yarışda ilərləməyə nail ola bildi və yarışı ikinci sırada tamamladı. Rosberq ard-arda qazandığı iki zəfər ilə çempionatda lider olan Hamilton ilə xal fərqini ikiyə qədər endirmiş oldu.
Montsada podium tamamlayan sonun şəxs isə yarışa üçüncü sıradan başlayan Ferrari pilotu Sebastian Fettel oldu. Mercedes pilotlarından başqa ilk onluqdan yarışa başlayan pilotların hər biri iki pit-stop etdilər. Hamiltonun səhvi ilə yarışın ilk bölümünü ikinci və üçüncü sırada yer alan Ferrari pilotları Fettel və Raykonnen, yarışı üçüncü və dördüncü yerdə tamamladılar. Fettel Avropa Qran Prisindən sonra podiuma çıxmağa nail oldu.
Yarışın başlanmasından etibarən beşinci sıradalı yerini qoruyan Williams pilotu Valtteri Bottas, son dövrələrdə yeni təkərlə arxasından gələn Daniel Rikkardoya qarşı yerini qorumağa çalışsa da buna müvəffəq olmadı. 48-ci dövrədə ötməyə nail olan Rikkardo beşinci, Bottas isə 6-cı yerlə kifayətlənməli oldu.
Red Bull komandasının digər pilotu Maks Verstappen ilk dövrələrdə yaşadığı problem nəticəsində geriləsə də, son dövrələrdə Serxio Perezi keçərək 7-ci olmağa nail oldu. Force India pilotu Perez isə yarışı 8-ci sırada tamamladı.
Williams komandasının pilotu Felipe Massa, son iki ildə podium çıxmasına baxmayaraq bu gün yalnızca 9-cu ola bildi. Montsada xal qazanan sonuncu pilot isə Force India komandasının pilotu Niko Hülkenberq oldu.
Yarışı yarıda tamamlayan pilotlar Toro Rosso komandasından Kvyat, Manordan Verleyn və ilk dövrədə qəza edən Nasr və Palmer oldular.
Pilotlar çempionatında Hamilton 250 xal ilə liderliyini davam etsə də, komanda yoldaşı Rosberq ilə cəmi 2 xal fərqi var.
İtaliya Qran Prisi ilə Avropadakı yarışlar sona yetmiş oldu. Mövsümün 15-ci yarışı olan Sinqapur Qran Prisi 18 sentyabrda baş tutacaq.
E.Ə.
www.oxu.az