Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Olimpiya Oyunları – Uğur Hekayələri” mövzusunda yazı müsabiqəsinin qaliblərinin adı məlum olub.
Oxu.Az xəbər verir ki, müsabiqəyə idmançıların mübariz və cəsarətli addmları ilə müşayiət olunan həyat yolundan, Olimpiya Oyunlarına qatılan idmançıların uğur hekayələrindən bəhs edən araşdırma yazılar təqdim olunub.
Münsiflər heyəti Sənan Abdullayevin (Xəzərxəbər.az) boks üzrə olimpiya mükafatçısı Fuad Aslanova həsr olunan “Afina kəşfiyyatçısı” yazısını 1-ci yerə və Sahib Əsədbəylinin (Kaspi.az) cüdo üzrə paralimpiya çempionu İlham Zəkiyevə həsr olunan “Zirvənin yolunu gözüyumulu tapan əsl qəhrəman” yazısını 2-ci yerə layiq görüb.
Oxu.Az-ın əməkdaşı Səbuhi Musayevin boks üzrə olimpiya mükafatçısı Şahin İmranova həsr etdiyi “Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi” yazısı isə 3-cü yerə çıxıb. Jurnalistlərə müvafiq pul mükafatları, eləcə də diplomlar daha sonra təqdim olunacaq.
Qeyd edək ki, Oxu.Az-ın daha bir yazısı Azərbaycan İdman Jurnalistləri Federasiyasının keçirdiyi müsabiqədə yer tutmuşdu. Saytımızın əməkdaşı Səbuhi Musayevin idman jurnalistikasının problemlərinə dair yazdığı məqalə ikinci yerə layiq görülmüşdü.