Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Son çempion “Qarabağ” səfərdə AZAL-ın qonağı olub. Matç Qurban Qurbanovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk qol qarşılaşmanın yeddinci dəqiqəsində vurulub. Rəşad Abdullayev “təyyarəçiləri” hesabda irəli çıxarıb. İlk hissənin sonlarında Sadio Tounkara ikinci sarı vərəqə ilə cəzalandırılıb və meydandan qovulub.
Azlıqda qalan meydan sahibləri ikinci 45 dəqiqədə “Qarabağ”ın hücumlarına tab gətirə bilməyiblər. Ağdamlılar 60 və 63-cü dəqiqələrdə iki qol vurmaqla qələbə qazanıblar. Qonaqların heyətində müvafiq olaraq Maksim Medvedev və Coşqun Diniyev fərqlənib.
Turun digər qarşılaşmasında “Qəbələ” doğma meydanda “Neftçi”ni qəbul edib.
Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 77-ci dəqiqədə Daniel Subbotiç vurub.
Turnir cədvəli:
| № | Komanda | Xal | Oyun |
| 1. | Qarabağ | 36 | 16 |
| 2. | Qəbələ | 35 | 16 |
| 3. | İnter | 28 | 15 |
| 4. | Sumqayıt | 18 | 15 |
| 5. | Zirə | 18 | 15 |
| 6. | Kəpəz | 15 | 15 |
| 7. | Neftçi | 10 | 16 |
| 8. | AZAL | 8 | 16 |
S.B.
www.oxu.az