Rusiyalı məşhur iş adamı Roman Abramoviç Türkiyənin "Qalatasaray " klubunun səhmlərinin nəzarət paketini almağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Sözcü" qəzeti məlumat yayıb.
Nəşrin yaydığı məlumata görə, rusiyalı milyarder İstanbulda malikanə alıb və Türkiyəyə köçməyə hazırlaşır.
Mövcud qanunvericiliyə əsasən, açıq səhmdar cəmiyyət olan "Qalatasaray" özəl şirkət tərəfindən deyil, klubun fondu tərəfindən idarə olunur. Buna görə də, klubun sahiblik modeli korporativ səhmlərə deyil, üzvlük əsasında qurulur. Yəni klubun fondu qərar vermədiyi təqdirdə "Qalatasaray"ın aktivləri fərdi şəxslərə və ya xarici investorlara satıla bilməz.
Maliyyə iştirakını əldə etmək üçün Abramoviç çox güman ki, birbaşa kapital investisiyalarındansa, sponsorluq, infrastruktur tərəfdaşlıqları və ya klubun kommersiya törəmələrinin iştirak etdiyi birgə müəssisələr kimi dolayı əməkdaşlıq formalarına müraciət etməli olacaq.
Yada salaq ki, Abramoviç 2003-cü ildə İngiltərənin məşhur "Çelsi" klubunun səhmlərinə sahib olmuşdu. Rusiyalı sahibkar 2022-ci ilin martında Ukrayna hadisələri ilə əlaqədar Böyük Britaniyanın sanksiyalar siyahısına düşüb və bundan sonra onun İngiltərədəki aktivləri dondurulub. 2022-ci ilin mayında İngiltərə Premyer Liqasının İdarə Heyəti "Çelsi"nin iş adamı Todd Boelinin konsorsiumuna satılmasını təsdiqləyib.