Kriştianu Ronaldu Portuqaliya milli komandasındakı karyerasını rəsmi olaraq başa vurub.
Oxu.Az xəbər verir ki, o, milli komandada 23 ildən artıq çıxış edib və bu müddət ərzində bir sıra nailiyyətlərə imza atıb.
Əfsanəvi portuqaliyalı hücumçunun yığmadakı yolu 20 avqust 2003-cü ildə Qazaxıstana qarşı yoldaşlıq oyununda başlayıb. Həmin vaxt 18 yaşlı hücumçu matçda fərqlənməsə də, bu, dünya futbolunun gələcək əfsanəsi üçün başlanğıc nöqtəsi olub.
İndi Ronaldu milli komandalar səviyyəsində futbol tarixinin ən yaxşı bombardiri statusunda yığmanı tərk edir - onun hesabında 146 qol var. Müqayisə üçün qeyd edək ki, onun ən yaxın izləyicisi Lionel Messinin 125, Portuqaliya tarixinin ikinci bombardiri Pedru Pauletanın isə 47 qolu var.
Eyni zamanda, Ronaldu milli komandanın heyətində keçirdiyi oyunların sayına görə dünya rekordunu qoruyub saxlayır (234 oyun). O, 200 oyun həddini keçən ilk futbolçu olub və karyerasını başa vuran zaman bu nəticə hələ də zirvədə qalır.
Ronaldu altı dünya çempionatında (2006-2026) qol vuran ilk oyunçu olub. O, həmçinin Eysebionun nailiyyətini (9 qol) üstələyərək, Portuqaliya yığmasının heyətində mundiallarda vurulan qolların sayına görə də rekordçu olub (11 qol). 2026-cı ildə Xorvatiyaya qarşı matçda 41 yaş 147 günlüyündə fərqlənən Ronaldu dünya çempionatlarının pley-off mərhələsində qol vuran ən yaşlı futbolçu kimi rekord müəyyənləşdirib.
O, Avropa çempionatlarında da böyük uğurlar əldə edib. Ronaldu turnir tarixinin ən yaxşı bombardiri olub (14 qol). Ronaldu altı Avropa çempionatında (2004-cü ildən 2024-cü ilə qədər) qol vuran yeganə oyunçu və bu çempionatlarda keçirilən oyunların sayına görə rekordçudur (30 oyun). O, həmçinin milli komandanın heyətində ardıcıl 22 il qol vuran yeganə futbolçudur.
Şəxsi rekordları ilə yanaşı, onun milli komandanın inkişafına verdiyi töhfə üç beynəlxalq kubokla - 2016-cı il Avropa çempionatındakı, eləcə də 2019 və 2025-ci illərdə UEFA Millətlər Liqasındakı qələbələrlə möhkəmlənib. 2016-cı ildə Ronaldu Portuqaliya tarixində ilk dəfə böyük beynəlxalq titul qazanan komandanın kapitanı olub.