Dağıstanın Mahaçqala şəhərində rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə hücum edən iki şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bunu TASS-a Dağıstanın idman naziri Sacid Sacidov deyib.
Bildirilir ki, baş vermiş fakt üzrə sağlamlığa ağır zərərvurma barəsində cinayət işi qaldırılıb.
Qeyd edək ki, iyulun 16-da iki naməlum şəxs Xizriyevə hücum edərək ona travmatik tapançadan atəş açıb. İdmançı xəstəxanaya yerləşdirilib.
Hücuma səbəb kimi onun avtomobillə bağlı borcu göstərilir. Zərərçəkmiş pulu qaytaracağına söz verib, lakin sonradan avtomobil sahibi bunun çox vaxt aparacağına qərar verib. Danışıq cəhdləri nəticəsiz qalıb, bundan sonra idmançı hücuma məruz qalıb.
Dağıstanın Mahaçqala şəhərində iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntüləri "Mash" "Telegram" kanalı yayıb.
Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum şəxsin arxadan idmançıya tərəf qaçaraq atəş açması əks olunub.
Hücum edənlər daha sonra ağ rəngli "LADA Priora"da qaçıblar.
İlkin məlumata görə, T.Xizriyev çiyin, bilək və döş qəfəsindən beşə yaxın yara alıb.
İdmançının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.