İspaniyalı Dieqo Ponsele ayaq üstə eniş zamanı skeytbordda 151 km/saat sürət yığaraq dünya rekordu müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının "X" sosial şəbəkəsindəki hesabında məlumat yayılıb.
İdmançı bu nailiyyətə Kanadanın Kvebek əyalətində "Route du Port" şosesinin qapalı hissəsində imza atıb. Yolun uzunluğu təxminən 2.2 kilometr, ən yüksək maillik 18%, fasiləsiz düz enişin məsafəsi isə 600 metrə yaxın olub.
Məlumata görə, uyğun məkanın axtarışına bir neçə il vaxt sərf olunub. Ponsele Avstriya, İrlandiya və Kanadada müxtəlif yolları sınaqdan keçirərək onların mailliyini, örtüyünü, uzunluğunu və hərəkət şəraitini müqayisə edib. O, 2017-ci ildən bəri dəyişməz qalan rekordu ikinci cəhdində qırmağı bacarıb.
İlk cəhdində 146 km/saat sürət yığan ekstremal, rekordla nəticələnən ikinci gedişini beş gün sonra, 9-14 km/saat sürətlə əsən səmt küləyinin müşayiəti ilə həyata keçirib.
"146.88 km/saat sürət məni qane etmirdi. Yalnız 151 km/saat həddinə çatdıqda özümü tam xoşbəxt hiss etdim", - deyə Ponsele bildirib.
Qeyd edək ki, əvvəlki rekord da məhz "Route du Port" yolunda qeydə alınmışdı. Skeytlə 150 km/saat sürətə çatmağın mümkünlüyü barədə ilk dəfə danışan britaniyalı Pit Konnolli burada 146.73 km/saat sürət yığmışdı. Ponsele öz yeni rekordunu 2025-ci ildə xəstəlik səbəbindən həyatını itirən Konnolliyə həsr edib.