"Avstraliya İranın qadın futbol millisinin bir neçə üzvünə sığınacaq verməyə razılaşıb".
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Qeyd olunub ki, qərar futbolçuların qadınlar arasında Asiya Kuboku zamanı İranın dövlət himnini oxumaqdan imtina etməsindən sonra qəbul olunub.
Tramp bildirib ki, məsələ ilə bağlı Avstraliyanın baş naziri Entoni Albaneze ilə danışıb və artıq beş oyunçuya yardım göstərilib.
Məlumata görə, komandanın beş üzvü hoteli tərk edib və hazırda polis nəzarəti altında təhlükəsiz yerdədir. Ehtimal olunur ki, məhz bu futbolçulara sığınacaq verilib.
ABŞ Prezidenti Donald Tramp Avstraliya hökumətini İranın qadın futbol yığmasının oyunçularına sığınacaq verməyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Athletic" nəşri yazıb.
Bildirilib ki, İran yığması Asiya Kubokunun qrup mərhələsində Filippin yığmasına 0:2 hesabı ilə uduzaraq turniri tərk edib.
Bundan əvvəl İran dövlət televiziyasının aparıcısı Məhəmməd Rza Şahbazi himni oxumayan futbolçuları sərt tənqid etmiş və müharibə dövründə "xəyanətkarlarla daha sərt davranmaq lazım olduğunu" bildirmişdi. Bundan sonra Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPro) FIFA və Asiya Futbol Konfederasiyasından (AFC) futbolçuların təhlükəsizliyini təmin etməyi xahiş edib.
Hazırda FIFA, AFC və Avstraliya hökuməti komandanın ölkədə qalma müddətinin uzadılması məsələsini müzakirə edir. Məlumata görə, komanda üçün hələlik geridönüş uçuşu təşkil edilməyib. Filippinlə oyundan sonra İran yığmasının beş futbolçusu hoteldən ayrılıb. Onların Avstraliya federal polisi tərəfindən qorunan sığınacaqda olduğu bildirilir.
Donald Tramp, öz növbəsində "Truth Social" platformasında yazıb ki, futbolçuların İrana qaytarılması onların həyatı üçün təhlükəli ola bilər. O, mümkün deportasiyanı "dəhşətli humanitar səhv" adlandırıb və zərurət yaranarsa, ABŞ-nin də futbolçuları qəbul etməyə hazır olduğunu bildirib.