ABŞ millisinin və "Monako"nun hücumçusu Folarin Baloqanın "Everton"a keçidi baş tutmayıb.
Oxu.Az-ın "The Athletic"ə istinadən verdiyi məlumata görə, tərəflər arasındakı razılaşma transfer pəncərəsinin son günündə iflasa uğrayıb.
İngiltərə klubunda keçirilən tibbi baxış zamanı oyunçunun səhhətində müəyyən problemlər aşkarlanıb. Məhz bundan sonra "Everton" rəhbərliyi müqavilənin şərtlərinə yenidən baxmaq qərarına gəlib və transferi rəsmiləşdirmək üçün liqadan əlavə iki saat vaxt istəyib. Lakin yaranmış vəziyyətdə Baloqan özü ingilislərlə müqavilə imzalamaqdan qəti şəkildə imtina edib.
Qeyd edək ki, "Everton"un 25 yaşlı Baloqan üçün 45 milyon avro və əlavə olaraq 5 milyon avro bonus ödəyəcəyi bildirilirdi.
Xatırladaq ki, Baloqon ötən dünya çempionatında qırmızı vərəqəyə görə cəzalı olduğu üçün 1/8 final çərçivəsində Belçika ilə keçirilən matçı (1:4) buraxmalı idi. Lakin FIFA-nın İntizam Komitəsinin qəfil qərarla diskvalifikasiyanı birillik sınaq müddəti ilə əvəzləməsi idman ictimaiyyətində böyük rezonans doğurmuşdu.
O zaman iddia olunurdu ki, ABŞ Prezidenti Donald Tramp şəxsən FIFA rəhbəri Canni İnfantinodan futbolçunun cəzasına yenidən baxılmasını xahiş edib. İnfantino isə yayılan şayiələrə cavab olaraq FIFA orqanlarının qərarlarında tam müstəqil olduğunu bəyan etmişdi.