İngiltərə Premyer Liqasının VII turunda keçirilən "Çelsi" - "Everton" matçından (2:0) sonra London təmsilçisinin qapıçısı Emiliano Martinesin çənə sümüyünün sındığı məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Qaston Edul "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Hadisə qarşılaşmanın ikinci hissəsinin ortalarında baş verib. Cərimə zərbəsindən sonra topun cərimə meydançasına göndərilməsi zamanı Martines rəqib komandanın müdafiəçisi Cerred Brentueytlə toqquşaraq yerə yıxılıb.
Qapıçıya təxminən 10 dəqiqə ərzində tibbi yardım göstərilib. Daha sonra o, xərəkdə meydandan çıxarılıb.
Məlumata görə, xəstəxanaya yerləşdirilən Martinesin müayinəsi zamanı çənə sümüyünün sındığı müəyyən edilib. Bundan əlavə, qapıçının başının kompüter tomoqrafiyası aparılıb, boyun və kürək nahiyələri yoxlanılıb. Müayinələrin nəticələrinə əsasən, həmin nahiyələrdə problem aşkarlanmayıb. Bildirilir ki, futbolçunun cərrahi müdaxiləyə ehtiyacı var.
Qeyd edək ki, 34 yaşlı qapıçı Argentina millisinin heyətində dünya çempionu olub. O, karyerası ərzində iki dəfə dünyanın ən yaxşı qapıçısı seçilib.