"Real Madrid"in braziliyalı futbolçusu Vinisius Junior İspaniya çempionatının X turunun "Barselona" ilə oyununda ("El-Klasiko") etdiyi davranışa görə üzr istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edib.
Oktyabrın 26-da "Real Madrid" öz meydanında "Barselona"ya 2:1 hesabı ilə qalib gəlib, Vinisius 72-ci dəqiqədə əvəzlənib. Braziliyalı oyunçu qərara emosional reaksiya verib və baş məşqçi Xabi Alonsoya klubdan getmək istəyi barədə məlumat verib.
"Barselona" ilə oyunda əvəzləndiyim zaman göstərdiyim reaksiyaya görə bütün "Real Madrid" azarkeşlərindən, komanda yoldaşlarımdan, klub rəhbərliyindən bir daha üzr istəyirəm. Bəzən emosiyalar öz sözünü deyir. Həmişə qalib gəlmək və komandama kömək etmək istəyirəm. Xarakterim bu kluba olan sevgimdən qaynaqlanır və hər zaman "Real Madrid" uğrunda mübarizəni davam etdirəcəyimə söz verirəm", - deyə Vinisius bildirib.
Xatırladaq ki, 25 yaşlı futbolçu 2018-ci ildən "Real Madrid"də çıxış edir.