Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tramp "TikTok"un ABŞ-də fəaliyyəti ilə bağlı fərman imzaladı
ABŞ Prezidenti Donald Tramp "TikTok" sosial şəbəkəsinə qadağanın 75 gün təxirə salınması barədə yeni fərman imzalayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə CNN telekanalı məlumat verib.
Fərmana əsasən, ABŞ Ədliyyə Nazirliyi Co Bayden administrasiyası dövründə qəbul edilmiş xaricdən nəzarət olunan tətbiqlər haqqında qanunu tətbiq etməyəcək. Bu qanun tələb edirdi ki, 19 yanvardan etibarən "TikTok" ABŞ şirkətinə və ya ölkənin müttəfiqlərinə satılmadığı təqdirdə ölkədə qadağan edilsin.
Tramp jurnalistlərə etiraf edib ki, tətbiqi özü sınaqdan keçirdikdən sonra "TikTok" haqqında fikrini dəyişib.
"Mən ondan istifadə edə bildim", - deyə prezident bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ-də Çinin "TikTok" istifadəçilərini izləməsi ehtimalından daha ciddi problemlər var.
Bununla yanaşı, Tramp vurğulayıb ki, imzalanmış saziş ona "TikTok"u satmaq və ya xidməti tam bağlamaq hüququ verir.
Xatırladaq ki, yanvarın 19-da tətbiq artıq ABŞ-da 12 saatlıq bloklanmışdı - o, "Apple" mağazasından silinmişdi və daxil olmağa cəhd edərkən qadağanın qüvvəyə minməsi barədə mesaj görünürdü. Lakin sonradan Trampın möhlət verəcəyi vədi ilə "TikTok"un fəaliyyəti bərpa olundu.
Rəylər