“Azercell Telekom” MMC lisenziyası ləğv edilmiş “Bank Standard”da pul vəsaitinin qaldığını təsdiq edib.
Oxu.Az-ın məlumatına görə, şirkətin prezidenti Vahid Mürsəliyev “Marja”ya bildirib ki, bəzi səbəblərə görə, bu barədə çox danışmaq istəmirlər:
“İndi hadisədir baş verib. “Bank Standard”da tək “Azercell”in deyil, digər təşkilatların da pulları qalıb. Bizim vəsaitlər depozit şəkilində deyil, cari hesabımızda olub”.
Şirkətin prezidenti “Bank Standard”da qalan vəsaitin məbləği barədə, “elə də böyük məbləğ deyil”, - deyə bildirib.
Onun sözlərinə görə, bağlanan bankda qalan vəsait “Azercell”in maliyyə fəaliyyətinə kəskin təsir etməyib:
“Bank Standard” ilə bağlı ləğvetmə komissiyası yaradılıb. Biz komissiya ilə danışıqlar aparırıq. Qanunvericiliyə uyğun olaraq növbəlilik prinsipi ilə vəsaitlərin qaytarılması gözlənilir. Yəqin ki, “Azercell” də vəsaitini alacaq”, - deyə şirkətin prezidenti sözlərinə əlavə edib.
U.A.
www.oxu.az