Kaliforniyanın (ABŞ) Berkli Universitetinin alimləri aydınlaşdırıblar ki, yuxu problemi olan insanlar özlərini tənha hiss edir və tez-tez başqa adamlarla əlaqədən qaçırlar.
Oxu.Az xəbər verir ki, bu barədə “MedicalXpress” yazıb.
Tədqiqatda iştirak edən 18 gənc normal gecə yuxusu və yuxusuzluqdan sonra müayinədən keçiblər. Hər bir halda sınaqdan keçənlər növbəti gün neytral üz ifadəli insanın kameraya yaxınlaşdığını əks etdirən videoçarx izləyiblər. Könüllülər psixoloji narahatlıq hiss etdikdə videonu dayandıran düyməyə basmalı idilər.
Məlum olub ki, insanlar yuxusuz gecədən sonra düyməni normal yuxu yatanlarla müqayisədə daha çox basıblar. Bundan başqa, beyinin müayinəsi də göstərib ki, pis istirahət edənlərdə potensial təhdidlərə cavab verən neyron zənciri işə düşüb. Beyinin sosial qarşılıqlı münasibətləri təmin edən digər hissəsi isə əskinə, daha az aktiv olub.
Tədqiqatın ikinci hissəsində mindən çox başqa insan təcrübənin videogörüntülərini izləyiblər. Bu zaman onlar iştirakçıların yuxusuz olduqlarını bilməyiblər. Onların fikrincə, sınaqdan keçənlər ətraf mühitlə əlaqə saxlamaqdan qaçan tənha insanlardır.