Astronomlardan ibarət beynəlxalq komanda “ALMA” teleskopu vasitəsilə 39 qədim qalaktika kəşf edib.
Oxu.Az rus KİV-inə istinadən xəbər verir ki, bu qalaktikaların mövcudluğunu Kainatın təkamül nəzəriyyəsi ilə izah etmək mümkün deyil.
Sözügedən qalaktikaları “Hubble” teleskopu ilə müşahidə etmək mümkün olmasa da, “ALMA” ilə kəşf edilib.
Alimlərin iddiasına görə, bu qalaktikalar indi mövcud olan elliptik qalaktikaların “əcdadı” sayılır.
“Bu qalaktikalar Kainatda 10 milyard il əvvəl mövcud olan kütləvi qalaktikaların böyük əksəriyyəti üçün nümunəvidir. Onların böyük əksəriyyətini əvvəlki tədqiqatlarda kəşf etmək mümkün olmamışdı”, - deyə bildirilir.
Kainatın təkamül nəzəriyyəsində bu qədər kütləvi qalaktikaların olduğuna dair məlumat yoxdur. Yeni nəticələr erkən Kainat barədə təsəvvürlərimizi sual altında qoyur.
Bildirilir ki, bu qədim qalaktikalarda ulduz yaranması Süd Yolu qalaktikasına nisbətən 100 dəfə daha aktiv baş verir.