Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rəsul Çunayev: Yaxşı idmançı rinqdə bilinər – MÜSAHİBƏ + FOTOSESSİYA
Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı yunan-Roma güləşi üzrə Avropa çempionu Rəsul Çunayevdir.
- Çunayev, soyadın fərqlidir, maraqlıdır hansı bölgədənsən?
- Mən Balakən rayonunun Yeni Şərif kəndində doğulmuşam. 4-cü sinfə kimi orda olmuşam, sonra Bakıya gəldim. 2001-ci ildən Bakıdayam. Deməli, orda idmana, məşqlərə davamlı olaraq gedirdim, sonra çox dedilər ki, bu uşağın talantı var və davam etməlidir. Məşqçim İsmayıl Çapsiyev məni Bakıya gətirdi, öz oğluyla birgə bizi məşqlərə apardı və biz davam elədik.
- Yığma komandaya nə vaxtdan gəldin?
- 2006-cı ildən yığma komandaya gəldim, o gündən də komandadayam. Çalışdığım qədər bacarıram ki, nəsə edim, əziyyətim boşa getməsin. 2007-ci ildə yeniyetmələr arasında Azərbaycan birinciliyini qazandım. 2008-ci ildə iyun ayında yunan-Roma güləşi üzrə Avropa çempionu olmuşam. 2013-cü ildə yunan-Roma güləşi üzrə Tələbələrin 27-ci Ümumdünya Universiadasının qalibi oldum.
- Avarlar oynamağı sevirlər. Bu bacarıq hardan gəlir?
- Deməzdim əla oynayıram, sadəcə bacarıram. Bizdə oynamağa, musiqiyə həvəs var və bu da normal oynamağımıza gətirib çıxarır.
- İndi guya sadəlik edirsən də? (gülərək) Bacardın-bacarmadın rəqs eləmisən və əksəriyyət adamların da xoşuna gəlib. Qalib olanda oynamışdın. Nəyi başa salmaq istəyirdin?
- Əslində, yarışdan qabaq əmim oğlunun toyu olacaqdı, mənim də həmin ərəfəyə güləşim vardı. Dedim ki, qalib gəlsəm tatamidə oynayacam, elə bil ki toyundayam da (gülür). Elə də oldu, qalib oldum və kiçik bir fraqment göstərdim. Bir çox qəzetlər, saytlar məhz rəqs başlığı ilə xəbər etmişdilər.
- Yaxşı, tutaq ki, idmançı deyilsən, səni rəqqas görə bilərdik?
- Yox, məncə. Deyim ki, heç dərslərimi də yaxşı oxumamışam ki, hansısa peşəni düşünüm. Əvvəlcədən elə ağlımda idman olub.
- İdmançı olduğunu bildik. Başqa necə birisən?
- Mən onu necə deyim ki... Siz tanıyırsız məni, bunu siz deyə bilərsiniz (gülür).
- İnsanlar sənə necə yanaşdıqda, onların bu davranışını sevmirsən?
- Olur belə hərdən. Məsələn, hansısa yarışdan sonra kimsə deyir “aa niyə 2-yə ya niyə 3-ə çıxdın?”. Daha fikirləşmir ki, bu adam nə qədər əziyyət çəkib, belə söyləmək pis təsir edə bilər. Ümumiyyətlə, insan nəsə söz deyəndə qarşısındakı insanın həssas olduğunu bilməlidir.
- Necə xanımları bəyənirsən?
- Baxımlı xanımları, təbii ki. Eybəcər xanım yoxdu bilirik, amma xanımlar baxımsız qalmasınlar.
- Bu yaxınlarda bir idmançıdan soruşdum ki, ən yaxşı idmançı kimdir? Dedi ki, “mənəm”. Sən necə idmançısan?
- Vallah nə deyim (gülür). Yaxşı idmançı çoxdur. Yaxşı idmançı rinqdə, tatamidə, meydanda bilinər.
- Rəhbərliyiniz sizə necə diqqətlə yanaşırsa, sizin də vəzifəniz qalib olmaqdır. Bax, sən bir idmançı olaraq nə edirsən?
- Rəhbərliyimiz bizə bütün şəraiti yaradıb, bizə bircə qalib olmaq qalır. Səmimi deyirəm, bizə sadəcə vaxtlı-vaxtında məşq və idmanımıza ciddi yanaşmaq qalır. Başqa problemimiz yoxdu. Bizə bu şəraiti yaratdığına görə rəhbərliyimizə təşəkkür edirəm.
- Spirtli içki içirsən?
- İçki içmirəm, yalan deyə bilmərəm. Tez-tez su içirəm, həm məşq edirəm, həm də suyu sevirəm.
- 23 saniyə sənin üçün nə deməkdir?
- Qalibiyyət deməkdir, həm də erməni üzərində. Bu, çox sevindirici haldır.
- Deməli, sən qalib gəldin, amma orda bir məqam oldu. Hakim səni qalib idmançı kimi təqdim etdi. Və sən erməni idmançı ilə görüşdün, düzünü desəm bu hərəkətini bəyənməmişdik. Bəlkə biz yanlış gördük, bəlkə də elə olmalıdır. Özün de.
- Mən qalib gəldim və hakim məni təqdim etdi. Mən elə sevincli idim ki, heç nəyə fikir vermədim. İnanın, o döşəkdə güləşməkdən başqa heç nə düşünmürsən, nə hal olursa, sonradan dərk etməyə başlayırsan.
- Erməni və başqa millətdən olan idmançı ilə döyüşmək... Hansı fərqlər var?
- Tatamiyə çıxmısansa, deməli, güləşməlisən. Amma ermənidirsə o güləşin içində kin, nifrət var və sən nə olur-olsun qalib gəlməyi düşünürsən. Başqa idmançılara isə sadəcə rəqibin kimi hörmət edirsən və güləşirsən.
- Məşqçilərdə nəyi sevmirsən?
- Əslində, tək məşqçilərin yox, insanların davranışında qışqırmağı sevmirəm, yəni kimsə mənə nəsə deyəndə qışqıra-qışqıra danışmasını xoşlamıram. Sakit halda desin ki, Rəsul bunu belə et, mən də canla başla edərəm. Bir az elə şeyləri sevmirəm və qəbul eləmirəm.
Nərmin Kazımova
Foto: Asif Əliyev
www.oxu.az
Rəylər