31 
Mar
2015
20:02
146
443
9944
Virtual karabakh

İslam Abbasov: Asan rəqib yoxdur – MÜSAHİBƏ + FOTOSESSİYA

31 Mar, 2015
20:02
9944

İslam Abbasov: Asan rəqib yoxdur – MÜSAHİBƏ + FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mənim üçün cənab prezidentin əlini sıxmaq sevindirici haldır”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı güləş üzrə gənclər və yeniyetmələr arasında dünya və Avropa çempionu, Dünya kubokunun çempionu İslam Abbasovdur.

- İslam Abbasov, səni daha yaxından tanıyaq. Gənc olmağına baxmayaraq sənin uğurlarına sevinməmək olmaz. Gəncsən, sənin uğurların hələ indi başlayır. Bax, bu uğurunun başlanğıcı necə olub, idmanı sənə kim sevdirib?

- Əslən Qubadlı rayonundanam, amma Sumqayıtda böyümüşəm. Ailəm atam, anam və bacılarımdan ibarətdir. Atam özü də güləşlə məşğul olub, elə ilk dəfə olaraq o məni idmana apardı. İdmanla peşəkar olaraq məşğul olmağımı istəyirdi.

İlk dəfə idmana başlayanda səkkiz yaşım var idi. Əvvəl Sumqayıtda məşğul olurdum, məşqə orada gedirdim. Müəllimim Qərib Əliyev idi. Amma orda məşq keçməyimə baxmayaraq Bakıya əsas komandaya da gəlirdim.

- Sumqayıtdan çox yaxşı idmançılarımız var. Məsələn: Rafael Ağayev, İlham Zəkiyev, Elçin və s. idmançılarımızın adını çəkə bilərik. Sumqayıtda nə yeyib içirsiz belə?  

- Sumqayıt başqa bir şəhərdir. İnsanları başqa cürədir.

- Yolu uzaq gəlmir ki?

- Təbii ki, yol yorucudur, amma o yol baxır hara gedir. Məşqə gedirəm və bundan zövq alıram (gülür).

- Ailəndə idmanla davam etməyini istəyirlər?

- Yox, təbii ki, mən oxumağı sevirəm. Hal-hazırda Bədən Tərbiyəsi və İdman Akademiyasında oxuyuram, amma həmişə Xarici Dillər Universitetində oxumaq istəmişəm. Yəqin ki, dil biliklərimi artıracam, idmanla bərabər buna nail olmaq istəyirəm.

- Bu yaxınlarda Dünya kubokunu qazandınız. Komanda olaraq bu qələbəyə inanırdın?

- Əslində əvvəlcədən heç nəyi dəqiq bilmək olmur. Hardasa özünə inanırsan, amma yüz faizlik inanmamalısan, çünki bu inam adamı rahatlaşdırır. Komanda olaraq qalib gəldik, bu qələbə sevindirici haldır. Buna həm də psixoloji olaraq hazır idik, bu, çox önəmlidir.

- Sizinlə çalışan xüsusi bir psixoloq varmı?

- İlk olaraq özümüz özümüzə psixoloji olaraq diqqət etməliyik. Bu, vacib amildir.

- İslam, Dünya kubokundan sonra prezidentimiz sizin komandanı qəbul etdi. Necə hisslər keçirdin?

- Əvvəla gənc, fərd və idmançı kimi mənim üçün cənab prezidentin əlini sıxmaq, onunla görüşmək sevindirici haldır. Onunla görüşmək həmişə arzum olub. Bizə zaman ayırması, diqqəti, bizimlə söhbəti mənim üçün sevindirici haldır.

- Güləşlə məşğulsan. Sənə hansı hərəkət çətin gəlir?

- Özüm də hiss edirəm, məşqçilərim də deyir ki, parterdə zəifəm. Onun üstündə işləyirəm, hansısa zəif hərəkətimi dəf etməyə çalışıram.

- Hansı əcnəbi idmançı sənə çətin rəqibdir?

- Əslində asan rəqib yoxdur. Mənim erməni ilə, avropalılarla güləşim olub, amma ruslar güclüdür, o da yunan-roma güləşində. Amma nə olur olsun rəqib zəif də ola bilər, güclü də, əsas odur öz gücünə inanasan.

- Artıq bir ildir ki, Avropa Oyunlarına hazırlıq gedir. Sən bu oyunlara necə hazırlaşırsan? Özünü hazır hiss edirsən?

- Avropa Oyunları böyük bir layihədir və yüksək səviyyədə keçəcəyinə inanıram. Biz, bizim məşqçilər, federasiya oyunlara yüksək səviyyədə, qrafiklə, sistemli şəkildə hazırlaşırıq. Bir idmançıya əsas olan hansısa yarışa hazırlaşmaq üçün ona hər cür şəraitin yaradılmasıdır. Biz güləşçilər üçün bundan artıq nə şərait yaradılsın ki? Hər cür şərait yaradılıb. Federasiya rəsmilərinə təşəkkürümü bildirirəm. Bizim diqqətə ehtiyacımız var və hər zaman da bu diqqəti görürük.

- Qalib və ya məğlub olsan nə baş verəcək?

- Bunun heç bir fərqi yoxdur. Yenidən dönüb həyatıma, məşqlərimə davam edəcəm, başqa yarışlara hazırlaşacam.

Amma Avropa Oyunlarından əvvəl Polşada turnirimiz olacaq. İnanıram ki, qalib gələcəm.

- Rəqibin ilk hansı hərəkətinə, hansı jestinə fikir verirsən?

- Simasına baxıram, hərəkətinə diqqət edirəm.

- Ən çox hansı sözü işlədirsən? Bəs hansı sözü eşidirsən?

- Ən çox “karoçe” sözünü işlədirəm. Amma hər gün eşitdiyim söz “ehtiyatlı ol”dur. Bu sözü atam deyir.

- Futbolla aran necədir?

- Belə çox marağım yoxdur, amma “Qarabağ” oynayanda baxıram.

- Xanım və güləş?! Xanım və cüdo?! Xanım və boks?! Münasibətin necədir?

- Yaxşı, xanımlarımızın idmanla məşğul olmağı mütləqdir. Cənab prezidentlə görüşdə də özü söylədi ki, xanım güləşçilərimizin daha çox olması bizim uğurumuzdur. Xanım idmançılarımıza uğurlar, onların da qələbəsinə ehtiyacımız var.

P.S. Çəkilişdə göstərdiyi köməyə görə “Car” kluba təşəkkürümüzü bildiririk.

Foto: Nahid Ağazadə
Nərmin Kazımova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri