Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
320 manatdan az pensiya alanların NƏZƏRİNƏ - Artım necə hesablanacaq?
Son günlər nisbətən aşağı pensiya alan vətəndaşlar tərəfindən pensiya məbləğlərinin necə indeksləşdiriləcəyi barədə suala cavab axtarılır. Bu kateqoriyadan olanları aldıqları pensiyaların indeksləşdiriləcəyi, yoxsa birbaşa artırılacağı düşündürür.
Yəni hazırda 320 manatdan az pensiya alanların pensiyaları necə artırılacaq?
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov "Facebook" hesabında paylaşım edib.
O bildirib ki, "Əmək pensiyaları haqqında" Qanunda bu məsələ öz əksini tapıb:
"Bu zaman pensiya məbləğindən asılı olaraq həm indeksləşdirmə, həm artım, həm də hər iksinin tətbiqi mümkündür.
Aydınlıq üçün izahatı keyslər üzərindən təqdim edək:
1. Vətəndaşımız əmək pensiyası hüququnu 1 yanvar 2025-ci il tarixindən öncə qazanıb və onun pensiya məbləği 310 manatdır, yəni yeni minimum pensiya məbləğindən (320 manat) azdır. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları indeksasiya ilə artırılır. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırılır. Bu o deməkdir ki, həmin vətəndaşımızın pensiya məbləği 320 manata çatdırılmadan indeksləşdiriləcək. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əməkhaqqı 8 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əməkhaqqı artımının təxminən 8 faiz olacağı gözlənilir. Deməli, bu halda 310 manat pensiya alan vətəndaşımızın pensiya məbləği indeksləşdirmədən sonra 334.8 manat, yəni yeni minimum pensiya məbləğindan çox olacaq.
2. Vətəndaşımız əmək pensiyası hüququnu 1 yanvar 2025-ci il tarixindən öncə qazanıb və onun pensiya məbləği 280 manatdır, yəni yeni minimum pensiya məbləğindən (320 manat) azdır. Bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 22.4 manat əlavə olunacaq. Amma alınan məbləğ- 302.4 manat, yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm daha sonra 320 manata çatdırılacaq. Deməli, həmin vətəndaşımızın pensiya məbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiq olunacaq.
3. Vətəndaşımız əmək pensiyası hüququnu 1 yanvar 2025-ci il tarixindən sonra qazanıb və onun pensiya məbləği 280 manatdır, yəni yeni minimum pensiya məbləğindən (320 manat) azdır. Bu zaman o vətəndaşımızın pensiyası gələn aydan etibarən birbaşa 14.3 faiz artırılaraq 320 manata çatıdırılacaq. Bütövlükdə, bu ilin yanvar ayı ərzində əmək pensiyası hüququ qazanan vətəndaşlarımızın pensiya məbləğləri 320 manatdan azdırsa o rəqəmlər gələn aydan birbaşa 320 manata çatıdırılacaq. Çünki gələn aydan 320 manatdan az pensiya olmayacaq. Deməli, bu halda indeksləşdirmə tətbiq olunmur, birbaşa artım şamil edilir".
"Qeyd edək ki, əmək pensiyalarının indeksləşdirilməsi "Əmək pensiyaları haqqında" Qanuna əsasən həyata keçirilir. Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır", - deyə deputat qeyd edib.
"Vüqar Bayramov" teqi üzrə xəbərlər
- Deputatdan ŞAD XƏBƏR: "Vətəndaşların pensiya kapitalından daha tez istifadəsini təklif edirik"
- Pensiyalar nə qədər artırılır: 8, yoxsa 14.3 faiz? - Deputatdan AÇIQLAMA
- Gələn aydan daha bir müavinətin məbləği artacaq - Deputat AÇIQLADI
- Qaydalar təsdiqləndi: Bəzi ərzaq məhsulları ucuzlaşacaqmı?
- Qaydalar təsdiq olundu: Kimlərə ayda 400 manat ödəniləcək?