"Biz gələcəyin formalaşdırılması üzərində çalışırıq".
Oxu.Az xəbər verir ki, bu sözləri "4SİM Azərbaycan"ın icraçı direktoru Fariz Cəfərov bildirib:
"Dünya mütərəqqi texnologiyaların tətbiqi ilə sürətlə dəyişir. Lakin hər kəs bu dəyişikliklərin baş verməsini eyni şəkildə görmür. Dövlət qurumu olaraq biz maarifləndirmə işini aparırıq və bu dəyişikliklərin ölkəmizə gəlmə ehtimalından, insanların bunlara necə hazırlaşmalı olmasından bəhs edirik.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2021-ci ildə İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılıb. Azərbaycan belə mərkəz yaradan ilk ölkədir. Biz Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq edirik, Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzlərindən birinə ev sahibliyi edirik. Dünyada dörd sənaye inqilabı baş verib və biz hazırda bunlardan dördüncüsü ilə üz-üzəyik. Bağlantı, əşyaların interneti, süni intellekt, böyük məlumatların təhlili, blokçeyn, datanın idarəedilməsi. Bu texnologiyalar idarəetməni, menecmenti və istehsalı kökündən dəyişir. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində, biz 3 əsas sahədə 60 təşəbbüs həyata keçirəcəyik: biznes, hökumət və cəmiyyət".
İcraçı direktor daha əvvəl 4-dən çox sənaye sahəsi ilə çalışdıqlarını xatırladıb:
"Dünya İqtisadi Forumunun "Qlobal Ağıllı Sənaye Hazırlığı İndeksi" nəzərə alınaraq bizim metodologiyamız tətbiq olunub. Və onlar öz işlərindəki nöqsanları müəyyən ediblər. Daha sonra biz onlara rəqəmsal transformasiya üzrə yol xəritəsi hazırlamaqda yardımçı olduq. Bu da onların biznes proseslərini dəyişdi, prosesləri daha effektiv və səmərəli etdi. Biz növbəti illərdə eyni təşəbbüsü daha 650 təşkilatla da reallaşdırmağı planlaşdırırıq.
Artıq on min Azərbaycan vətəndaşı üçün "Coursera" proqramına ödənişsiz giriş imkanı yaratmışıq və onlar indiyədək 3000-dən çox fərqli proqramı tamamlayıblar. Rəqəmsal İqtisadiyyat Strategiyasının bir hissəsi olaraq biz artıq 9 böyük flaqman layihəsinə start vermişik. Onlardan biri Azərbaycan dilində olan generativ süni intellekt tətbiqidir. Biz akademik dairələr, universitetlər, texnologiya şirkətlərinin köməyi ilə Azərbaycan dilində böyük dil modelləri ərsəyə gətiririk. Baku ID startup tədbiri, fərqli ölkələrdən olan 5000-dən çox şəxsin qatıldığı InMerge İnnovasiya Sammiti kimi irimiqyaslı beynəlxalq tədbirləri təşkil edirik və dəstəkləyirik".
Mərkəz COP29-a da dəstək göstərir. Qurum təmiz, enerji və yaşıl texnologiyalar sahələrində bir çox beynəlxalq təcrübə və oriyentir gətirir. Mərkəz COP29 çərçivəsində enerji istehlakında süni intellekt tətbiqinin nəticələrini, faydalarını və uğurlarını təqdim edəcək və bu uğuru digər ölkələrlə də paylaşacaq.
"Dövlət qurumu olaraq rəqəmsal transformasiyanı dəstəkləmək məqsədilə əmin olmalıyıq ki, insanlar Dördüncü Sənaye İnqilabında baş verən dəyişikliklərlə ayaqlaşmaq üçün zəruri bacarıqlara sahibdirlər.
Texnologiya gələcəyi dəyişəcək. Biz maraqlı tərəflərlə birlikdə gələcəyimizi dəyişmək və formalaşdırmaq üçün çalışırıq", - deyə Fariz Cəfərov yekunlaşdırıb.
"Biz gələcəyin formalaşdırılması üzərində çalışırıq".