Aİ-95 markalı yanacağın tarifinin artması Azərbaycanda artıq idxalata başlaması ilə əlaqədardır. Nazirlər Kabinetinin qərarına əsasən 31 mart tarixindən Aİ-95 markalı yanacağın qiyməti dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin siyahısından çıxarılıb.
Bununla yanaşı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu markalı yanacağı istehsal etməyi dayandırdı. Nəticədə, Azərbaycan bu yanacağın idxalına başladı. Qiymətin qalxmasına baxmayaraq, onun dəyəri Ermənistan və Gürcüstanda olduğundan azdır. Azərbaycanda qonşu ölkələrdən fərqli olaraq yanacağa olan aksiz vergisi aşağıdır.
Oxu.Az “Exo”-ya istinadən bildirir ki, bu haqda məlumatı Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban verib.
Onun sözlərinə görə oktan yanacaqla işləyən avtomobillərin ümumi həcmi Azərbaycanda avtomobillərin ümumi sayının 5%-ni təşkil edir. Bu əsasən gücləndirilmiş mühərriklə çalışan avtomobillərdir.
“Azərbaycanda avtomobillərin 70%-i Aİ-92 yanacağı ilə işləyir. 25% avtomobillər dizel ilə işləyir”, - İ.Şaban deyib.
Xatırladaq ki, 3 apreldən avtodoldurma stansiyalarında Premium-95 markalı yanacağın satışına başlanıb. 1 litrin qiyməti 93 qəpikdir.
Əvvəlcədən xəbər verildiyi kimi, Azərbaycanda yeni yanacaq markasının peyda olması Aİ-95-in istehsalının dayandırılması ilə əlaqədardır.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bəyan edib ki, ölkədə yanacaq istehlakı hər il 10% artır və H.Əliyev adına Neft Emalı Zavodu artan tələbatı ödəyə bilmir. Bu səbəbdən də şirkət tamamən Aİ-92 yanacağının istehsalına keçməyi qərara alıb.
Bununla əlaqədar SOCAR ölkə hakimiyyətinə Aİ-95 və Aİ-98 markalı yanacağın azad satışına başlamaq üçün müraciət edib. Hal-hazırda Aİ-95 və Aİ-98 markalı yanacaqların qiyməti idxal ilə əlaqədar olaraq dövlət tərəfindən tənzimlənmir.