Yediyimiz məhsulların keyfiyyəti hər birimizin sağlamlığı üçün vacibdir. Bəs keyfiyyətli məhsulu necə seçmək olar?
Ət
Ətin xarab olub-olmadığını anlamağın asan yolu rənginə nəzarət edilməsidir. Təzə ət açıq qırmızı və parlaq olur. Ətin rəngi bənövşəyidirsə, ət təzə deyil. Ətin üzərində qara və yaşıl nöqtələr varsa, deməli, artıq xarab olub.
Bundan əlavə ətin xarab olub-olmadığını iyləyərək də anlamaq olur. Ət xarab olmağa başlayanda çox kəskin və turş iyi verir. Ət əgər yapışqandırsa, deməli, xarab olmağa başlayıb. Çünki təzə ətə toxunanda yapışmır.
Kartof

Qabığı yaşıl rəngdədirsə, “solanin” adlı maddə zəhərlənməyə yol aça bilir. Yaşıl rəng solursa, deməli, zəhərlənmə təsiri artır. Kartofdan zəhərlənmə bədən müqaviməti zəif olanlarda ölümə belə səbəb ola bilir.
Cücərmiş kartof adamda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, qusma kimi zəhərlənmə əlamətlərinə səbəb olur.
Soğan

Soğan alarkən nəmlənmiş, cücərmiş, yumşaq olanlardan uzaq durmaq, qoxusuna fikir vermək lazımdır. Bəzən soğanın xarici görünüşü yaxşı ola bilər. Lakin pis qoxu verirsə, deməli, içərisində çürümə başlayıb. Soğanın qabığının rənginin yaşıla dönməməsi vacibdir. Əks halda həm ləzzətsiz olur, həm də tez xarab olur.
Lobya

Təzə lobya alarkən bir dəfə qırın və “çıt” səsini eşitməyə diqqət edin. Əgər lobya çətin qırılırsa, deməli, təzə deyil.
Göyərti

Solğun, hətta saralmağa başlayan göyərti qida dəyərini çox əhəmiyyətli dərəcədə itirir.
Banan

Bananın qabığının çox dəyişmiş və qəhvə rəngində olması tərkibində şəkər nisbətinin artdığını, qida dəyərinin düşdüyünü göstərir.
Balıq

Balıq çox tez xarab olmağa meyilli qidadır. Balığın təzə olub-olmadığını yoxlamaq üçün qarnına barmağınızla basdırın. Balıq köhnə formasına qayıtmırsa, deməli, köhnədir. Bundan əlavə, təzə balığın dərisi parlaq, gözləri də canlı olmalıdır.
Başından tutduqda quyruğu aşağıya doğru deyil, tavada dayandığı kimi dimdik dayanmalıdır.
Yumurta

Yumurta qidalılıq dəyərinə görə yüksəк кeyfiyyətli və orqanizmdə 97-98% mənimsənilən ərzaq məhsuludur. 4 dərəcədən aşağı temepraturda saxlanmalıdır. Əks halda yumurtada mikroorqanizmlərin artma ehtimalı çoxalır.
Dondurma

Qablaşdırılmış hazır dondurmalarda paketin xaricində buz dənəcikləri varsa, bu, dondurmanın daha əvvəldən əridiyini və bakterial törəməyə açıq olduğunu göstərir.
Toyuq
Toyuq məhsulları çox qısa müddətdə bakteriyaya yol açır və ölümcül xəstəliklərə səbəb ola bilir. Bu səbəbdən məhsulu alarkən rənginin normal, diri görünüşlü olması, özünəxas qoxusundan başqa qoxunun olmaması, sinəsinə əlinizlə basdığınız zaman elastik olması vacibdir. Toyuq sulu və zəif görünürsə, almağa dəyməz.
L.Ə.