Azərbaycanda avtomobillər üçün ehtiyat hissələri və mühərrik yağlarının bahalaşdığı bildirilir.
Ekspertlər səbəbi Ukraynada baş verən hadisələrdən dolayı son aylar qeyri-ərzaq məhsullarının qiymətlərindəki ciddi dəyişikliklərlə əlaqələndirirlər.
Bəs, növbəti aylarda vəziyyət necə olacaq?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında səbəbi dünya bazarında xammalın və neftin qiymətinin yüksəlməsi ilə izah edib:
“Bura daşınma qiymətlərini də əlavə etmək olar. Hər iki kvartaldan, yəni 6 aydan bir avtomobillər üçün ehtiyat hissələrinin qiymətində artım təxminən 2 faiz olur”.
Ekspert mühərrik yağlarının bahalaşması məsələsinə də toxunub. O, qeyd edib ki, neft qiymətləri yüksəldikcə, neftdən istehsal olunan əmtəə də bahalaşır:
“Düşünürəm ki, qarşıdakı aylarda, konkret desək, ilin sonunda həm ehtiyat hissələri, həm də mühərrik yağlarının qiymətləri 2 faiz yüksələcək”.