“Azərbaycan Hava Yolları” (AZAL) iyulun 10-dan etibarən bir sıra reyslərdə sərnişinlər üçün yeni elit xidmət sinfi - “biznes-lüks” tətbiq edəcək.
Oxu.Az-a AZAL-dan verilən məlumata görə, “biznes-lüks” sinfi aviasiya xidməti sahəsində müasir texnologiyalar və nailiyyətlərin istifadəsi nəticəsində təyyarələrin bortunda daha yüksək xidmət standartlarını nəzərdə tutur. Yeni xidmət sinfini seçən sərnişinlər ənənəvi “biznes-klass” xidmətləri ilə yanaşı, aşağıdakı üstünlüklərdən yararlanacaqlar:
- əsas yemək, sərinləşdirici və spirtli içkilərin geniş seçim menyusu;
- xüsusi səyahət dəstləri;
- uzun məsafəli uçuşlarda pijama;
- uşaqlar üçün hədiyyələr və s.
İlk olaraq yeni xidmət sinfi ilə AZAL-ın Nyu-York, London və Pekinə uçuşlar həyata keçirən "Airbus 340" və "Boeing 787 Dreamliner" flaqman təyyarələrinin sərnişinləri tanış olacaqlar.
AZAL bildirir ki, “Biznes-lüks” xidmət sinfinə yuxarıda sadalanan istiqamətlər üzrə aviabiletlər almaq və daha ətraflı məlumat əldə etmək üçün Çağırış Mərkəzinə müraciət edə bilərsiniz.
Ülviyyə R. Əli
www.oxu.az