Yığım komponenti və özəl pensiya fondları beynəlxalq bir təcrübədir. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, eynilə sığorta-pensiya sistemində olduğu kimi fərdi hesablara əsaslanan sistem qurulacaq.
Bu fərdi hesablar hazırkı vəziyyətdən fərqli olaraq, real bank hesabları olacaq. Bura yatırılan vəsaitlər real vəsaitlər olacaq, maliyyə bazarında yerləşdirilərək artırılacaq.
Oxu.Az xəbər verir ki, bunu bu gün keçirilən konfransda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirdi.
Onun sözlərinə görə, bu sistem vətəndaş pensiyaya çıxdıqdan sonra onun maliyyə təminatını həyata keçirəcək:
“Vətəndaş pensiyaya çıxdıqda sistem onun pensiya təminatını həyata keçirəcək. Bu sxem ümumi bir sxemdir. Yığım komponentləri özəl pensiya fondlarının fəaliyyətində ümumi bir çərçivədir. Bu çərçivə daxilində hər bir ölkənin inkişaf xüsusiyyətlərinə uyğun olaraq, müxtəlif variantlar seçilir”.
Fond rəhbəri qeyd edib ki, son dövrlər maliyyə böhranları zamanı sosial sığorta haqlarını məcburi qaydada həyata keçirən ölkələr ciddi kəsrlə üzləşiblər:
“Son dövrlər dünya maliyyə bazarında baş verən hadisələr bu məsələnin icbari əsaslarla keçirilməsinin kifayət qədər riskli olduğunu ortaya qoydu. Bizim məqsədimiz ondan ibarətdir ki, bu sistem Azərbaycanda könüllü əsaslarla həyata keçirilsin. Bu gün sosial sığorta haqları üzrə bəlli bir normativ var”.
“Həmin normativin müəyyən hissəsinin yığım komponentinə yönləndirilməsi cari pensiya sisteminin kəsrinə səbəb ola bilər” - deyə, fond rəhbəri bildirib.
Ülviyyə R. Əli
www.oxu.az