Əgər Azərbaycanda biznes qurmağın asan və ya çətin olmasından danışsaq, qanunvericilik baxımından “bu, çox asandır” deyə bilərik. Amma faktiki olaraq qeydiyyat prosesinə başlayanda isə bürokratiya özünü tam şəkildə büruzə verir. Biznesin qeydiyyatını çətinləşdirən qeyri-qanuni tələblər ortaya çıxır. Təkrar edim ki, normativ aktlar baxımından biznesi qeydiyyatdan keçirmək üçün hər bir şərait mövcuddur və hər şey nəzərə alınıb.
Azərbaycanda qanunlara görə biznes qurmaq asandır.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə müstəqil iqtisadçı Oqtay Haqverdiyev bəyan edib.
“Məsələn, insan üç gün ərzində bu və ya digər biznesin qeydiyyatı barədə məlumat almalıdır, əslində isə ona yalnız bir aydan sonra məlumat verilir və buna görə heç kim məsuliyyət daşımır. Və ya deyək ki, şəhadətnamə və ya lisenziya almalıdır. Qanunda dəqiqliklə deyilib ki, bu bir neçə iş günü ərzində olmalıdır. Amma bunun məhz göstərilən müddət ərzində baş verəcəyinə zəmanət verən yoxdur. İnsanı günlərlə qapı-qapı gəzdirə bilərlər. Buna görə də qanunvericiliyə görə biz hamıdan irəlidə olsaq da təcrübədə bu, görünmür. Bu baxımdan “ASAN Xidmət”in yaradılmasını pozitiv qiymətləndirməliyik. Belə tədbirlərin nəticəsi olaraq əhali üçün xidmət sahəsində bürokratiya ilə üzləşməmək üçün şərait yaradılır”, - ekspert deyib.
Azərbaycan biznesin qurulmasının asan olduğu 15 dövlətin siyahısına daxildir. Ümumdünya İntellektual Mülkiyyət Təşkilatının (WIPO) tərtib etdiyi reytinqə görə Azərbaycan biznesin qurulması asan olan ölkələr sırasında 13-cü yerdədir. Reytinqin birinci sırasında Yeni Zelandiyadır. Sonra Kanada və Makedoniya. Sonra Gürcüstan, Ruanda, Ermənistan, Qırğızıstan, Sinqapur, Avstraliya, Hon-Konq, Portuqaliya və Madaqaskar gəlir. Biznes qurmağın ən çətin olduğu məkan isə Myanmadır, o tədqiq edilmiş ölkələr arasında ən sonuncu – 143-cü yeri tutub.