““Halal” qida məhsullarının dünya üzrə illik dövriyyəsi 3 trilyon dollar təşkil edir. Bununla yanaşı bu məhsulların 82%-i qeyri-islam ölkələrində istehsal edilir”, - Azad İstehlakçılar İttifaqının (Aİİ) sədri Eyyub Hüseynov Oxu.Az-a bildirib.
Daha öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun sözlərinə görə bu gün üçün Azərbaycanda “halal” (AZS 731-2012) standart sertifikatını almaq üçün 9 ət məhsulları istehsalçısı müraciət edib, əslində isə onların sayı 20-dən çoxdur.
Yəqin ki, bu rəqəm hər şeyi deyir. Deməli kolbasa və sosiska istehsalı ilə məşğul olan yerli şirkətlər öz məmulatlarının bu aprioriyaya uyğun olduğundan əmin deyillər.
Ekspert Hüseynovun sözlərinə görə, bizim ölkədə, ət məhsullarının istehsalı ilə məşğul olan yalnız bir yerli şirkətin “halal” standartını almağa real şansı var, belə ki, onun istehsalı tələb olunan şərtlərə maksimal şəkildə yaxındır.
“Markiorvkada “halal” sözünün istifadəsinə qadağa qoyulana qədər Azərbaycanda 26 növ “halal” məmulat mövcud idi. Bəlkə indi standartlaşdırma tətbiq edildikdən sonra vəziyyət yaxşılığa doğru dəyişər. Təəssüf ki, problemlər çoxdur” – deyə Aİİ sədri bildirib.
2013-cü ilin 25-26 oktyabr tarixində İstanbulda “halal” akkreditasiyası üzrə beynəlxalq forum keçirilib, forumun gedişatında bu sahənin aparıcı ekspertləri inkişaf edən müsəlman bazarının məmulat və xidmətlərinin sertifikatlaşdırma problemlərini müzakirə ediblər. Tədbirdə 69 ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri iştirak ediblər.
Ölkəmizi bu forumda təmsil edən E.Hüseynovun sözlərinə görə, çıxışların birində “Halal” qida məhsullarının dünya üzrə illik dövriyyəsinin 3 trilyon dollar təşkil etdiyi qeyd edilib.
“Bununla yanaşı bu məhsulların 82%-i qeyri-islam ölkələrində istehsal edilir”, - E.Hüseynov deyib.
Yəni, “halal” standartına müvafiqlik problemi qlobal xarakter daşıyır.
“O, həm iqtisadi, həm siyasi, həm dini sətiraltı məna kəsb edir” – E.Hüseynov qeyd edib.
E.Hüseynovun sözlərinə görə “halal” standartını kağız üzərində təsdiqləmək başqa, onu həm də təcrübədə tətbiq etmək lazımdır. Bu, istehsalın hər mərhələsində heyvanın yetişdirilməsindən başlayaraq məhsulun hazırlanmasına qədər ciddi nəzarət tələb edən çox mürəkkəb məsələdir.
İstehlakçıların çoxu belə hesab edir ki, “halal” anlayışı məmulatın tərkibində donuz ətinin və piyinin olmaması anlamına gəlir. Amma bu tam olaraq belə deyil.
“Kolbasa istehsalında məsələn, müxtəlif əlavələrdən – rəngverici, dadverici, aromatizatorlardan və s. istifadə edilir. Bütün bu inqredientlərin mənbələri müxtəlif ölkələrdir. Kolbasanın hazırlanmasında əsas ərzaq olan ət “halal” olsa belə, heç kim 100% zəmanət verə bilməz ki, bu əlavələrin hamısı “halal”dır. Bizim yerli ət məhsulları istehsalçıları, tələb olunan müxtəlif əlavələrin bitki mənşəli və islam normalarına riayət edilərək hazırlanması istiqamətində eksperimental tədqiqatlar aparırlar” – deyə E.Hüseynov bəyan edib.
Bundan başqa əgər ət məhsulları hazırlamaq üçün alınan ətdən söhbət gedirsə, burda “halal” sayılması üçün dəqiq tələblər var. Heyvanın kəsilməsi heç də az olmayan bu tələblərə tam uyğun olaraq həyata keçirilməlidir.
Məsələn, islam normalarına əsasən, heyvan bir zərbə ilə kəsilməlidir, əgər iribuynuzlu heyvan üçün cərəyandan istifadə ediləcəksə - bu zaman heyvanın əzab çəkməməsi üçün gərginliq və qüvvə müəyyən yüksəklikdə olmalıdır.
E.Hüseynovun sözlərinə görə Azərbaycanda “halal” standartını Avropa standartı HACCP (Hazard Analysis and Critical Control Points) standartının sistemi üzrə tətbiqi daha məqsədəuyğun və asan olardı.
HACCP sistemi qida məhsullarının təhlükəli vəziyyətin meydana gələ biləcəyi bütün istehsal, saxlanılmasına və məmulatın realizə mərhələlərinə nəzarəti təmin edir və əsasən qida məhsulları istehsalçıları tərəfindən istifadə edilir. Bu zaman əsas diqqət qida məhsulunun istifadəsi ilə bağlı risklərə kritik nəzarət anlarına yönəlib, çünki məqsədyönlü nəzarət zamanı bu risklərin aradan qaldırılması və ya səviyyəsinin aşağı salınması mümkündür.
HACCP sisteminin tətbiq edilməsi üçün istehsalçılar yalnız öz məhsullarını və istehsal metodlarını tədqiq etməli deyillər, eləcə də bu sistemi xammal, yardımçı materialla təmin edənlərə, üstəlik topdan və pərakəndə satış sistemlərinə də tətbiq etmək lazımdır.
HACCP sistemi idarəçiliyin effektiv silahıdır, ondan qida məhsulları bazarında irəliləyərkən müəssisənin (ticarət markasının) və istehsalat prosesinin bioloji (mikrobioloji), kimyəvi, fiziki və digər çirklənmə risklərindən qorunması üçün istifadə edilir.
E.Hüseynov hesab edir ki, “velosiped icad etməmək” üçün bu sistemi “halal” normalarını nəzərə alaraq bir qədər genişləndirmək yetərlidir.
Yalnız bu şəkildə ölkəmizdə “halal” standartlarını uğurla tətbiq etmək mümkündür.
Bu zaman hər bir istehlakçı müvafiq markirovkalı məmulatı alarkən, o sözün əsl mənasında “halal” ərzaq əldə edib. Bu isə islam standartının tətbiqinin əsas məqsədidir.
Gülnarə Zeynalova
www.oxu.az