2015-ci il iyun ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən may ayında əlavə olaraq 20 238 sığortaolunana fərdi şəxsi hesab açılıb.
Bu barədə Oxu.Az-a DSMF-dən bildirilib.
Fond bildrir ki, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3,59 % artıb:
“Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 083 405 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 %-i (1 822 524 nəfər) kişi, 40,9%-i (1 260 881 nəfər) isə qadındır”.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,78%-i (764 090 nəfər) əhatə edir.
Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,70%-i (668 994 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,72%-ni (638 818 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,14%-ni (652 017 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,66%-ni (359 486 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Məlumat üçün bildirək ki, fərdi uçot-Azərbaycan Respublikası(AR) qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” AR uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Ülviyyə R. Əli
www.oxu.az