Bir neçə ay bundan öncə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən SOCAR Turkey törəmə şirkətinin rəhbəri Kənan Yavuz qardaş ölkənin ali təhsil müəssisələri barədə sərt fikirlər səsləndirmişdi.

Türkiyənin ali təhsil müəssisələri barədə “gecəqondu universitetləri” ifadəsini işlədən K.Yavuz, sənaye sektoru üçün mütəxəssis tapa bilmədiklərini vurğulamışdı.
“Gələn CV-ləri zibilə atıram, qapım universitetlərin üzünə bağlıdır”, - deyə, Yavuz bildirmişdi.
Yavuz qeyd edirdi ki, ali təhsil müəssisəsi deyilən qurumlar ailələri və uşaqları aldatmaqdan vaz keçməlidir:
“Universitet bitirib ortalıqda qalan milyonlarla gənc var. Aşağı işləri görə biləcək adam tapa bilmirik. Universiteti bitirib əlinə diplom alan “mən nə vaxt müdir olacağam?” deməyə başlayır.
Buradan ali təhsil müəssisələrinə səslənirəm – qarşıdakı üç ildə minlərlə peşə ixtisaslı şəxsləri işə götürəcəm. Universitet məzunları üçün isə qapılarım bağlıdır”.
Yavuz təəssüflə qeyd etmişdi ki, universitet məzunlarının CV-lərini baxmadan zibilə atır:
“Ali təhsil müəssisələri tələb edərlərsə, zibilə atdığım universitet məzunlarının CV-lərini özlərinə bağışlaya bilərəm. Onsuz da zibil qutum doludur.
“Ən yüksək işsizlik universitet məzunları arasındadır, çünki hər 10 aşağı vəzifəli iş görən üçün 1 universitet məzununa ehtiyac var. Yaponiya, Koreya və Almaniyadakı möcüzələrin altında bacarıqlı peşə işçiləri və keyfiyyətli universitet təhsili dayanır”.
Şirkətin rəhbərinin bu açıqlaması Azərbaycandakı peşə məktəblərinin vəziyyəti, ölkədə hazırda əmək bazarının tələbləri barədə məsələləri gündəmə gətirib.
Oxu.Az məsələnin aktuallığını nəzərə alaraq bununla əlaqədar Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyevin fikirlərini öyrənib.

İlham Nağıyevin sözlərinə görə, tək Azərbaycanda deyil, bütün dünyada hazırda əmək bazarında bir tendensiya özünü göstərir. Məzunlar əmək bazarının tələblərinə cavab vermir:
“Hazırda tək Azərbaycanda deyil, ümumiyyətlə, dünya əmək bazarına baxsaq görərik ki, təhsil sisteminin buraxdığı məzunlar əmək bazarının tələblərinə uyğun gəlmir. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir” - deyə, o qeyd edib.
Nazirliyin rəsmisi bildirib ki, bununla bağlı bütün yük təhsil sisteminin üzərinə düşsə də, işəgötürənlərin də üzərinə müəyyən mənada məsuliyyət düşür:
“Təhsil müəssisələri öz hazırladığı kadr, proqramları nə qədər əmək bazarının tələblərinə uyğunlaşdırmağa çalışsa da, işəgötürənlər də təhsil müəssisələri ilə əlaqə saxlayıb, öz tələblərini bəlkə də bu günün yox, 3-5 ilin tələblərini bildirməlidirlər ki, gələcəkdə bizə filan ixtisas üzrə məzunlar lazım olacaq”.
İ.Nağıyev qeyd edib ki, hazırda peşə məktəbləri ilə iri şirkətlər arasında əməkdaşlıq başlayıb:
“Bununla bağlı olaraq peşə məktəbləri ilə iri şirkətlər arasında aktiv əməkdaşlıq davam edir. Bilirsiz 5-10 peşə məktəbi qabaqcıl tikinti şirkətləri və s. ilə əməkdaşlığa başlayıb.
Həmin şirkətlər ilə peşə məktəbləri arasında memorandum imzalanıb. Məzunların hazırlığında həmin şirkətlərin mütəxəssislərinin təcrübəsindən istifadə olunur, eləcə də məzunlar artıq buraxılış olan zaman həmin şirkətlərin işlə təmin olunma məsələləri həll olunur ki, artıq məzunlar bilir ki, bitirdikdən sonra, onun iş yeri var”.
Nağıyev onu da əlavə edib ki, ali təhsil müəssisələrinin akademik standartlarının dəyişdirilməsi istiqamətində də işlər gedir:
“Amma bugünkü gündə bizdə ali təhsil müəssisələrinin proqramları, akademik standartları var. Bir az o proqramları dəyişmək elə də asan deyil. Ancaq nazirlik tərəfindən bu sahədə birmənalı iş gedir”.
Nazirliyin rəsmisi qeyd edib ki, Azərbaycanda peşə məktəbləri ilə bağlı streotiplər mövcuddur:
“Peşə məktəbini bu gün bitirən məzunların xarici şirkətlərin böyük əksəriyyətində Neft,İKT sektorunda çox böyük əmək haqqı ilə işəgötürmə tələbləri var. Məncə, bunula bağlı müəyyən stereotiplər var. Belə ki, bəziləri fikirləşir ki, ali təhsil müəsissisəinə gedə bilməyənlər peşə məktəblərinə gedir. Belə bir yanaşma ola bilər.
Ancaq nəzərə alsaq ki, Koreya, Yaponiya kimi ölkələrin ən qabaqcıl şirkətlərinin əməkdaşlarının əksəriyyəti peşə məktəblərinin məzunlarıdır. Onu da deyim ki, heç də peşə məktəblərinin məzunları ali təhsil müəssisələrinin məzunlarından aşağı əmək haqqı almırlar”.
Nağıyev bazarda peşə məktəbinin məzunlarına tələbin olduğunu ancaq, mütəxəssis çatışmazlığı sahəsində axsamaların olduğunu qeyd edib:
“Doğrusu bugünkü gün Azərbaycada belədir ki, BP, Dövlət Neft Şirkətinin işə götürdüyü qaynaqçı, dülgərin əmək haqqısı mövcud əmək bazarının ən yüksək (1000-1500 manat) hissəsini təşkil edir. Bu şirkətlər işçiyə 1000-1500 manat əmək haqqı verməyə hazırdırlar. Amma mütəxəssis hazırlığına gəldikdə isə bu zaman müəyyən mənada axsamalar olur”.
O, bildirib ki, nazirlik artıq bazarda mütəxəssis hazırlığının artırılması məqsədilə işlərə başlayıb:
“Nazirlik artıq o işləri görür. Peşə məktəbləri ilə bağlı aktiv iş gedir. Peşə məktəbləri ilə müvafiq ən böyük işəgötürüənlər arasında əlaqələr yaradılır. Bu əməkdaşlıq həm peşə məktəbinin proqramında, həm də məzunun gələcəkdə işəgötürmə məsələsində böyük rol oynayır.
Ali təhsil məsələsinə gəldikdə isə orda nəzərə alınmalı başqa faktorlar var. Məsələn, abutriyentin ixtisas seçimi məsələsi. Elə olur ki, abituriyent ixtisası öz istəyinə görə deyil, valideyinin və başqalarının təkidi əsasında seçir. Qurtardıqdan sonra isə öz peşəsi üzrə işləmək istəmir, nəticədə ixtisasını dəyişir. Yəni, burda təsir faktorları başqadır”.
Onun sözlərinə görə, hazırda əmək bazarının tələbi bacarıqlı mütəxəssisədir, burda diplom faktoru rol oynamır:
“Bugünki gün əmək bazarının əsas tələbi hər hansı diploma və peşə məktəbini bitirdiyini təsdiq edən sənddə deyil. Məsələn, bəzən görürük ki, xaricdə oxuyan məzunlar belə qayıtdıqdan sonra iş axtarırlar.
Hazırda mənim dipolomum var. Bu Bakıdandır və ya xarici universitetdəndir. Bu o qədər də çox rol oynamır. Nəyinki, şəxsin əldə etdiyi bilik və bacarıqlar.
Yəni onu demək istəyirəm ki, şəxs peşə məktəbini məzunudur yoxsa, ali təhsil müəsisisəinin, yoxsa xaricdə bitirib gəlib, bu dəqiqə bəlkə də bu o qədər də rol oynamır. Nəyinki bu şəxsin əldə etdiyi bacarıqlar. Məsələn, bakalavr təhsilini nə qədər şəxs bitirib. Onların əlində olan bilik və bacarıqlar, magistr bəlkə də deyərdim doktorantlardan da çoxdur. İşəgötürənlər də sırf həmin adamları axtarırlar”.
Ülviyyə R. Əli
www.oxu.az