“Azəryolservis” ASC-nin kollektivi peşə bayramlarını qeyd edib. “Azəryolservis”in mətbuat katibliyindən Oxu.Az-a verilən məlumata görə, bu münasibətlə Nəqliyyat Nazirliyi ”Azəryolservis“də nəqliyyat nazirinin müavinləri Musa Pənahov, Arif Əskərov və ASC-nin sədr əvəzi Saleh Məmmədovun iştirakı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan M.Pənahov nəqliyyat nazirinin adından yol işçilərini təbrik edib, onlara əməli fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, bu sahəyə ölkə başçısı İlham Əliyev tərəfindən həmişə diqqət və qayğı göstərilib. Bunun nəticəsidir ki, böyük tərəqqi, tikinti-quruculuq meydanına çevrilən yol təsərrüfatı son 11 ildə misilsiz uğurlar qazanıb. Nazir müavini cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verərək diqqətə çatdırıb ki, ötən 11 il həqiqətən, yeni bir infrastrukturun yaradılması ilə nəticələnib. Sonra S.Məmmədov avtomobil yol işçilərini peşə bayramı münasibətilə təbrik edərək nəqliyyat-yol kompleksinin inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, ölkə başçısı İlham Əliyev tərəfindən yol təsərrüfatında aparılan abadlıq və quruculuq işlərinə verilən yüksək qiymət yol işçilərinin məsuliyyətini bir daha artırıb. Tədbirdə bir neçə işçiyə Nəqliyyat Nazirliyinin və “Azəryolservis” ASC-nin fəxri fərmanları təqdim olunub. Tədbirin sonunda cəmiyyətin kollektivi adından prezidentə müraciət qəbul edilib. 14:25
Fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramı günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən Oxu.Az-a verilən məlumata görə, bu münasibətlə ASC-nin kollektivi fevralın 20-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.