1999-cu ildən bu yana Asiya İnkişaf Bankı (AİB) Azərbaycan hökumətinə 1.8 milyard dollar, özəl sektor təşkilatlarına 168 milyon dollar, 18 milyon dollara yaxın qrant ayırıb.
Oxu.Az xəbər verir ki, bu sözləri bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev AİB-in Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında bildirib.
Bundan başqa, tədbirdə çıxış edən AİB prezidenti Takehiko Nakao bildirib ki, 2015-2020-ci illər Azərbaycan hökuməti üçün nəzərdə tutulmuş biznes planda qeyd olunub ki, bank bu müddət ərzində ölkədə maliyyə, enerji, təhsil, su təchizatı, çirkab sulların təmizlənməsi, dövlət idarəçilik sektorunun inkişafı üçün Azərbaycana 3.6 milyon dollar həcmində qrant, 715 milyon dollar kredit ayırmağı planlaşdırır.
AİB prezidenti bildirib ki, aqrar sektorda Azərbaycan əhalisinin 40 faizi, sənayede isə 10 faizi məşğul olur və bununla da gəlirliklə bağlı fərq yaranır.
“Növbəti illərdə biz uğurlu artım əldə etməliyik”, - deyə prezident bildirib.
09:58
Bu gün Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı işinə başlayıb.
Oxu.Az xəbər verir ki, toplantı mayın 5-dək davam edəcək.
Toplantıda 3000-ə yaxın iştirakçı iştirak edir. “İnkişaf naminə tərəfdaşlığın gücləndirilməsi” devizi altında keçirilən toplantı Heydər Əliyev Mərkəzi Bina-1 və yeni inşa edilən Heydər Əliyev Mərkəzi Bina-2-də keçirilir.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən Asiya İnkişaf Bankının üzvüdür.
Ülviyyə R. Əli