Bakıda 29 saylı çörəkbişirmə müəssisəsində istehsal qadağan edilib.
Bununla bağlı qərar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 3123 ünvanında apardığı dövlət nəzarəti tədbiri nəticəsində verilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müəyyən edilmiş istehsal yerində sanitariya qaydalarına əməl olunmur, sabit keyfiyyətdə məhsul istehsalı üçün şərait yoxdur.
Həmçinin, müəssisədə istehsal olunan çovdar və buğda unu qarışığından hazırlanan çörəklərin təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və uyğunluq sertifikatı mövcud deyil.
İstehsal olunan çörəyin üzərinə reklam xarakterli “Pəhriz” yazısı qeyd olunub, çörəyin saxlanılma müddəti maksimum 36 saat olduğu halda markalanmada 3 gün göstərilib. Müəssisədə istehsal olunan məhsulun müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur və heç bir laboratoriya ilə müqavilə bağlanmayıb. Məhsulun keyfiyyətinə nəzarət olunmadığı müəyyən edilib.
Bundan başqa, istehsalda istismar olunan 6 ədəd ölçmə vasitəsi isə “QOST 8.513-84” standartının tələbləri və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun 11.1-ci maddəsinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunub.


