Bu gün saat 11-də Bakıda Heydər Əliyev Mərkəzində “Şahdəniz”in “Mərhələ 2” layihəsinin təsdiqi mərasimi keçiriləcək.
Oxu.Az “Marja”-ya istinadən xəbər verir ki, mərasim yüksək səviyyədə təşkil olunacaq. Dəvət edilən nümayəndə heyətləri və VIP-personallara baxanda bu mərasimi 1994-cü ilin sentybarında imzalanan “Əsrin müqaviləsi” ilə müqayisə etmək olar.
İmzalanma mərasimində İtaliya baş naziri, Böyük Britaniyanın xarici işlər naziri, Albaniya və Yunanıstanın hökumət nümayəndələri, Aİ-nin enerji üzrə avrokomissarı Ettinger, bir çox neft-qaz şirkətlərinin top menecerləri iştirak edəcək.
Layihəyə Qərbin marağı nə ilə bağlıdır? Məsələ burasındadır ki, ilk dəfə Xəzərdən qazı Avropa bazarlarına nəql etmək planlaşdırılır. Özü də mifik sayılan yeni infrastrukturla. Bundan başqa, “Mərhələ 2” layihəsinin uğurla həyata keçirilməsi başqa qaz layihələrinə yol aça bilər. Ona görə hamıya maraqlıdır: 5 ildən sonra bu miqyaslı layihəni həyata keçirmək mümkün olacaqmı?
Hesablamalara görə, “Şahdəniz Mərhələ 2” layihəsinin dəyəri 25 milyard ABŞ dollarıdır. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir.
“Şahdəniz Mərhələ 2” Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaqdır.
“Şahdəniz Mərhələ 2” layihəsi “Mərhələ 1”-dən olan ildə təqribən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz əlavə edəcəyi gözlənilir.
Sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının işlənməsinin 2-ci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac gücünə Azərbaycanda 48 diametrli yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.
Türkiyə ərazisində “Şahdəniz Mərhələ 2” qazı yeni Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə daşınacaq. Bu boru kəməri Xəzər dənizinin böyük qaz ehtiyatlarını Türkiyə və Avropa İttifaqı bazarları ilə bağlayan cənub qaz dəhlizinin əsas bir hissəsi olacaq. Türkiyəyə ildə 6 milyard kubmetr “Şahdəniz Mərhələ 2” qazının satışı ilə bağlı 2011-ci ildə BOTAŞ-la saziş imzalanmışdır.
Bu il iyunun 28-də Şahdəniz konsorsiumu elan etdi ki, ildə 10 miyard kubmetrədək “Şahdəniz Mərhələ 2” qazını Yunanıstan, İtaliya və potensial olaraq cənub şərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans Adriatik Boru Kəmərini (TAP) seçmişdir.
Sentyabrın 19-da isə “Mərhələ 2” işlənməsindən hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən bir az artıq olan həcminin İtaliyada, Yunanıstanda və Bolqarıstanda satışı üzrə doqquz şirkətlə 25-illik sazişlər bağlandı.
Ümumilikdə, “Şahdəniz Mərhələ 2” işlənməsindən hasil ediləcək ildə 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin altından keçməklə İtaliyaya qədər 3500 km-dən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Layihə üzrə yekun investisiya qərarı bu gün veriləcəkdir. “Şahdəniz Mərhələ 2”-dən ilk qazın əldə edilməsi 2018-ci ilə planlaşdırılır.