Oktyabrın 24-də KİV-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətinin dayandırılmasına dair xəbər yayılıb.
Xatırladaq ki, bu xəbərlə əlaqədar mətbuat üçün açıqlama verən Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirmişdi:
“Ticarət mərkəzində elektrik xətlərində problem var idi. Mağazaların bəzilərində işıq yanmırdı. Bu da onların işinə mənfi təsir edirdi. Elektrik xətlərinin yenilənməsi ilə bağlı olaraq mağazalar bir neçə günlük bağlanıb. Xətlər yeniləndikdən sonra ticarət mərkəzi fəaliyyətini davam etdirəcək”.
Oxu.Az xəbər verir ki, redaksiya ilə əlaqə quran “Baku Outlet Park” Ticarət Mərkəzinin (TM) nümayəndəsi yayılan xəbərdən sonra TM-nin rəhbərliyinə çoxsaylı zənglər daxil olduğunu bildirib.
“Bildirmək istərdik ki, fəaliyyətimizə yalnız bir gün – oktyabrn 24-də, sırf texniki problemə görə fasilə verilmişdi. Hazırda həmin problem aradan qaldırılıb və “Baku Outlet Park” TM işinə davam edir. Müştərilərimizə xidmət etməyə mane olacaq heç bir durum yoxdur.
Fəaliyyət göstərdiyimiz müddət ərzində müştəri etibarını qazanmaq üçün əlimizdən gələni etmişik. Fəaliyyətimizin dayanması barədə yayılan xəbərə verilən reaksiya isə müştərilərimizin bizə etimad etməsinin göstəricisidir. Bunun üçün müştərilərimizə təşəkkür edirik.
Sonda isə bildirmək istərdik ki, sərfəli qiymətin ünvanı olan “Baku Park Outlet” TM hər zaman olduğu kimi müştərilərinin yolunu gözləyir!”
S.S.
www.oxu.az