“Bazarstore”un tədarükçüsü “Aqro İnvest və İstehsalat MMC” iylənmiş balıq haqqında videonu sosial şəbəkələrdə yayan vətəndaşla aralarında yaranan mübahisə ilə bağlı açıqlama verib.
“Aqro İnvest və İstehsalat” MMC-nin satış meneceri Adnan Orucov məsələ ilə bağlı Oxu.Az-a bildirib ki, iylənmiş balıq haqqında videonu sosial şəbəkələrdə yayan Esmiralda Şıxamirova şirkətin işgüzar nüfuzuna zərbə vurmaq üçün öyrədilərək göndərilib.
“Aqro İnvest və İstehsalat” MMC olaraq bildiririk ki, Esmiralda Şıxamirovanın dedikləri doğru deyil. Çünki bizim firmada keyfiyyətsiz və ya yararsız heç bir məhsul yoxdur.
Esmiralda Şıxamirovanın dedikləri də tamamilə əsassızdır və şirkətin işgüzar nüfuzuna zərbə vurmaq məqsədi daşıyır. Həmin hadisə baş verən an dərhal “Aqro İnvest və İstehsalat” MMC-nin rəhbərliyi tərəfindən həkim, baytar və mütəxəssislərdən ibarət komissiya təşkil edilib və Esmiralda Şıxamirovadan orada gözləməsi xahiş edilib.
Məsələnin tam düzgün araşdırılması üçün onun özünün də orada olmasının vacibliyi diqqətə çatdırılıb. Lakin Esmiralda Şıxamirova komissiyanı gözləməyərək oradan uzaqlaşıb. Videokadrlardan da görünür ki, həmin xanım “Mənə deyiblər, çək, mən də çəkirəm” ifadəsini işlədir.
Buradan da görünür ki, o kimlər tərəfindənsə firmamızın işgüzar nüfuzuna zərbə vurmaq üçün öyrədilərək göndərilib. İstər satış obyektlərimiz, istərsə də anbarlarımız hər kəsin üzünə açıqdır. İstənilən şəxs məhsullarımızla maraqlana bilər”.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev Oxu.Az-a bildirib ki, Esmiralda Şıxamirova onlara bu məsələ ilə bağlı müraciət edib:
“Sahibkarlıq yoxlamalarının aparılması üçün yalnız İqtisadiyyat Nazirliyi razılıq verməlidir. İnsanların sağlamlığı üçün təhlükə yarandıqda və yarana bildiyi halda İqtisadiyyat Nazirliyinin razılığı və ya onların nümayəndələrinin iştirakı ilə yoxlama aparıla bilər. Konkret bu məsələ ilə bağlı deyə bilərəm ki, xanımın sağlamlığı üçün təhlükə sübut edən heç bir sənəd yox idi.
O, bizə bildirmişdir ki, balıqdan iy gəlir və dadı fərqlidir, bunun nəticəsində o iddia edirdi ki, balıq yararsızdır. Biz xanıma bu məsələni izah etdik, onun iştirakı ilə İqtisadiyyat Nazirliyinə məktub yolladıq”.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Oxu.Az-a bildirib ki, Esmiralda Şıxamirovanın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Komitəsinə müraciəti qəbul edilib.
Nazirlikdən qeyd edilib ki, şikayətçinin müraciəti əsasında araşdırma aparılıb və müraciət qanunauyğun şəkildə operativ cavablandırılıb.

A.Əliyev vurğulayıb ki, E.Şıxamirovanın müraciəti ötən ilin dekabrında olub və araşdırmanın mövzusu müraciət edənin özünə göndərilib.
Nazirlik rəsmisi həmçinin xatırladıb ki, istehlakçıların istehlak bazarında qarşılaşdıqları məsələlər ilə bağlı müraciətləri nazirlik tərəfindən operativ şəkildə araşdırılır və cavablandırılır:
“Ümumiyyətlə, istehlakçılar istehlak bazarında qarşılaşdıqları hər hansı məsələ ilə bağlı nazirliyin 195 Çağrı Mərkəzinə, eləcə də nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Komitəsinin 012- 498-15-01, 498-15-04 telefon nömrələrinə müraciət edə bilərlər”.
Azərbaycan Azad İstehlakçılar İttifaqının başçısı Eyyub Hüseynov isə deyib ki, “Bazarstore” məhkəmə iddiası qaldırmaqda haqlıdır:
“Əlbəttə, istehlakçının konkret mal alıb və onun xarab olması ilə bağlı sosial şəbəkədə paylaşması düzgün deyil və bu müştərinin səhvidir”.

E.Hüseynov qeyd edib ki, gərək müştəri dövlət orqanları, eləcə də Azərbaycan Azad İstehlakçılar İttifaqından nəticələr əldə etdikdən sonra iddia qaldırardı”.
İttifaqın sədri, həmçinin qeyd edib ki, bununla belə, istehlakçılar həmişə haqlıdır, amma Azərbaycanda bunun əksidir:
“Ölkə qanunvericiliyində dəyişikliklərin olması labüddür”, - deyə E.Hüseynov sözlərinə əlavə edib.
Xatırladaq ki, “Bazarstore”un tədarükçüsü “Aqro İnvest və İstehsalat MMC” iylənmiş balıq haqqında videonu sosial şəbəkələrdə yayan vətəndaşdan 100 min manat almağa hazırlaşır.
Elvin Əhmədov
Ülviyyə R. Əli
www.oxu.az