“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) rəhbərliyində daha bir dəyişiklik baş verib.
Oxu.Az-a ABB-dən verilən məlumata görə, Bankın yeni formalaşan peşəkar idarəetmə komandasına Cəlal Orucov da qoşulub. O, ABB-nin Baş texnologiya inzibatçısı vəzifəsinə təyin edilib.
Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik Cəlal Orucov ABB-də elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin məzunu olan C.Orucov müxtəlif vaxtlarda Azərbaycan Mərkəzi Bankında və digər maliyyə qurumlarında fəaliyyət göstərib.
Ölkəmizin ən böyük prosessinq mərkəzlərindən sayılan Milli Kart prosessinq mərkəzinin 2006-cı ildən icraçı direktoru olub.
ABB-dəki son təyinata qədər isə “Unibank”ın Texnologiyalar üzrə direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, səhmdarların yanvarın 10-da keçirilmiş növbədənkənar ümumi yığıncağında ABB-nin İdarə Heyətinin sədri də dəyişib. Bu vəzifəyə Xalid Əhədov təyin olunub.
Regionun maliyyə bazarında 25 ildir ki, mövcud olan ABB-nin yeni menecmentinin əsas hədəfləri xərclərin optimallaşdırılmasına, restrukturizasiya hesabına fəaliyyətin effektivliyinə nail olmaq, həmçinin ABB-nin sağlamlaşdırılması prosesini bu il uğurla başa çatdırmaqdan ibarətdir. Artıq yeni rəhbərlik tərəfindən bu istiqamətdə intensiv addımlar atılmaqdadır.

U.A.
www.oxu.az