Qarşıdakı 10 ildə 1 “Bitcoin”in dəyəri 50 min dollar təşkil edəcək.
Oxu.Az xəbər verir ki, bu proqnozla "Standpoint Research" investisiya şirkəti çıxış edib.
Şirkətin yaradıcısı Ronni Moasa görə, kriptovalyuta bazarında elə bir vəziyyət yaranacaq ki, 200 milyon insan bir neçə milyon “Bitcoin” almağa təşəbbüs edəcək: “Nəticədə bazarda yaranan defisit məzənnəni yüksəldəcək”.
Onu da qeyd edək "Bitcoin" ilə bağlı proqnozlar birmənalı deyil.
İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirdi ki, "Bitcoin"nin qiyməti 6 min dolları keçdikdən sonra ən çox verilən suallardan biri bu kripto valyutanı alıb-almamaqdır: "Bitcoin"lərin qiyməti 4 min dollara çatanda qiymət artımlarının olacağını proqnozlaşdırmışdıq. Qısa zamanda "Bitcoin"nin qiyməti 50 faiz artdı. Qeyd edim ki, kriptovalyuta olaraq "Bitcoin" ilk virtual puldur ki, mərkəzləşdirilmədən dövriyyəyə buraxılıb. Bu da həmin valyutanım uğur qazanması səbəblərindən biridir. Bu pulu əldə etmək istəyənlər internet səhifəsinə daxil olub özləri üçün pulqabı yarada bilərlər. Həmin pulqabı vasitəsilə "Bitcoin" sifariş edə bilərlər. Eyni zamanda, qeydiyyatdan keçdikdən sonra yaşadığınız şəhərdə kimlərin "Bitcoin"ni satışa çıxartdığını da izləyə bilərsiniz. "Bitcoin"dən kredit kartı kimi istifadə etmək, virtual ödənişlər etmək, bilet almaq, internet üzərindən hər hansısa sifariş həyata keçirmək mümkündür. Bu virtual valyuta əslində ən sadə ödəmə vasitəsidir. Həmçinin "Bitcoin"in yığım funksiyası da var. Burada yığılan vəsaiti qiymət artımları baş veridyi halda sonradan daha baha yüksək dəyər ilə nağdlaşdırmaq mümkündür. Göründüyü kimi, "Bitcoin" ilk baxışdan cəlb edicidir. Bura bəzi online ticarət şirkətləri ilə alış-veriş zamanı tətbiq etdikləri endirimləri də əlavə etsək o zaman mənzərə daha aydın olar".
Ekspert deyir ki, bəzilərinin dollara alternativ kimi baxdıqları "Bitcoin"nin gələcəyi eyni zamanda aparıcı ölkələrin bu virtual pula münasibətindən asılı olacaq: "Çin Xalq Respublikası bir müddət öncə "Bitcoin" istifadəsinin ölkə ərazisində məhdudlaşdırılacağı ilə bağlı məlumat yaymışdı. Lakin bir çox inkişaf etmiş ölkələrin bitkoinə marağının artması həmin məhdudiyyəti aradan qaldırdı. Və bu "Bitcoin"ə qlobal marağı daha da artırdı. "Bitcoin" dollar yığımlarına təsir göstərir. Çünki bu vlayutanın bütün hesablaşmaları dollarla aparılır. Virtual pulların sayı artdıqca, nağd pulların istifadə dairəsi nisbətən məhdudlaşır". "
V.Bayramovun sözlərinə görə, "Bitcoin"nin istifadəsində hər hansısa çətinlik olmazsa, onlara maraq artacaq: "Reallıq bundan ibarətdir ki, hazırda "Bitcoin"dən istifadə dünya üzrə dayanmadan artır. Marağın artması aparıcı ölkələrin virtual pullara yanaşmasından asılı olacaq. Çünki bəzi aparıcı ölkələr "Bitcoin"in istifadəsini məhdudlaşdıran zaman onun qiymətində azalmalar olur.
Bununla belə, mərkəzləşdirilməmiş virtual valyutanın gələcəyi ilə bağlı risklər də qalmaqdadır. Ən ciddi narahatçılıq kəskin qiymət artımının “"Bitcoin" üzərindəki köpüklərin partlamasına” gətirib çıxara biləcəyi ilə bağlıdır. Xüsusən də Beynəlxalq Valyuta Fondunun rəhbərinin "Bitcoin" ilə bağlı xəbərdarlığından sonra bu risk daha da güclənməkdədir. Buna görə də, bu virtual valyutanı almaq istəyənlər ehtiyatlı olmalıdır. Bunu mərhələli şəkildə edərək yığımlarını diversifikasiya etməlidrlər".
L.Ə.