Son illər Azərbaycanda ənənəvi bazarlara üz tutan alıcıların sayının azaldığı müşahidə olunur. Novruz bayramı ərəfəsində apardığmız monitorinqlərimiz zamanı belə bazarlarda alıcı gözə dəyməmişdi.
Satıcılar isə giley-güzar edirdilər ki, artıq müştərilərini itiriblər. Onlar daha çox marketlərdən alış-veriş etməyə üstünlük verirlər.
Bundan öncə isə Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, millət vəkili Eldar Quliyev müsahibələrinin birində qeyd etmişdi ki, Bakıda “Təzə bazar”ı şərq üslubuna uyğun olaraq yenidən qurub saxlamaqla qalan bazarları ləğv etmək lazımdır.

“Onların yerində marketlər tikilməlidir. Xaricdə supermarektlərin birinci mərtəbəsində kənd təsərrüfatı məhsulları satırlar. Həmin yer daha təmiz olur, bütün avadanlıqlarla təmin olunur və məhsul da təzə qalır”, - deyə deputat bildirmişdi.
O həmçinin qeyd etmişdi ki, yaxın 10 il ərzində kənd təsərrüfatı məhsullarının əksəriyyəti ilə özümüzü təmin edə və məhsuldarlığı artıra bilərik.
Deputatın bu açıqlaması oxucular arasında geniş müzakirəyə səbəb olub və hazırda məsələ ilə bağlı əsas sual belədir - bazarlar qalsın yoxsa ləğv olunsun?
Oxu.Az bununla əlaqədar olaraq bu məsələni müstəqil ekspertlər və Milli Məclisin deputatı, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) rəsmisi ilə dəyərləndirib.
“Deputatın fikrində həqiqət var, çünki bütün inkişaf etmiş ölkələrdə ərzaq, meyvə-tərəvəz məhsullarının hamısı marketlərdə satılır. Marketlərdə qablaşdırma prosesi və s. yüksək səviyyədə həyata keçirilir. Ümumiyyətlə, belə bir proses Azərbaycanda da getməlidir. Amma bütün incə məqamları nəzərdən keçirmək lazımdır. Məsələn, fermer öz məhsulunu necə satmalıdır, harda satmalıdır, marketə necə verməlidir və s. bütün bunlar isə böyük bir prosesdir. Birdən-birə bazarları ləğv edib yerində marketlər yaratmaq çox çətin məsələdir”, - deyə Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, bu Azərbaycanda müəyyən problemlər yarada bilər:
“Qeyd etdiyim kimi, bu təklifin üzərində işləmək lazımdır. Məsələn, bu prosesi yavaş-yavaş, hazırda mövcud olan bazarların yerində marketlər tikməklə, həmin bazarda olan satıcıları müəyyən səmtə yönəltməklə həyata keçirmək olar. Bundan başqa, kənddən Bakıya meyvə-tərəvəz, heyvandarlıq məhsulları və s. gətirən fermer üçün şərait yaradılmalıdır. Onlar üçün problem yaranmasın, əsas budur”.

Onun sözlərinə görə, bu halda satıcılar öz iş yerlərini itirmir:
“Burda heç bir fərq olmayacaq. Əgər satıcı məhsulları əgər bazarda satırdısa, indi bunu marketdə satacaq. Burda heç bir problem olmayacaq. Amma marketlərdə mədəni forma olacaq ki, bu da müsbətdir. Bir daha qeyd etmək istəyirəm, burda ən çətin problem o ola bilər ki, kənddən məhsulunu gətirib satmaq istəyən fermerlər çətinliklə, problemlə rastlaşsınlar”.
İqtisadçı-ekspert Rəşad Həsənov isə bu təkliflə razılaşmır və qeyd edir ki, bu bir çox problemlərə yol aça bilər:
“Mən bu fikirlə razı deyiləm. Belə ki, fermerlər yalnız bazarda öz məhsullarını sərbəst şəkildə sata bilirlər. Hətta hökumət Yaşıl bazarların yaradılmasına da maraqlı olduğunu bildirmiş, bununla bağlı da Azərbaycan preizdentinin tövsiyəsi olmuşdu.
Bazarların ləğv edilməsi fermerlərin satış imkanlarına birbaşa təsir göstərə bilər. Onların bazara çıxmaq imkanlarını daha da çətinləşdirə bilər. Bu səbəblə də düşünmürəm ki, bazarların qısa müddətdə ləğv edilməsinə ehtiyac yaranıb.
Amma bununla belə düşünürəm ki, Bakıda bəzi bazarlar var ki, orda səliqə-sahmanın yaradılmasına ehtiyac var. Eyni zamanda, bazarda satışa çıxarılan məhsulların keyfiyyətinin yoxlanılması, onların üzərində nəzarət mexanizmlərinin formalaşdırılması istehlakçıların hüquqlarının müdafiəsi baxımından müsbət addım olar”.

“Satıcılar üçün satış imkanların genişləndirilməsi, daha müasir tələblərə cavab verən formada ticarət şəbəkələrinin formalaşdırıla bilər, amma bazarların bugünkü gündə ləğvi, qeyd etdiyim kimi, müəyyən problemlərə yol açacaq”, - deyə R.Həsənov qeyd edib.
Onun sözlərinə görə, bu problemlərdən də əlavə, əsasən, kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin hardasa bahalaşmasına təsir göstərə bilər.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə qeyd edib ki, bazarların nazirliyə heç bir adiyyatı yoxdur. Bununla bağlı heç bir fikir bildirə bilməz.
O həmçinin qeyd edib ki, bu gün nazirlik tərəfindən yalnız yarmarkalar keçirilir ki, bu isə özünü doğrulda bilib.

“Nazirlik olaraq çalışırıq ki, Bakıda, eləcə də respublikanın bütün rayonlarında satış yarmarkalarının sayını çoxalda bilək”.
Nazirliyin rəsmisi aqrar mütəxəssis kimi isə onu bildirib ki, bütün dünya ölkələrində bazarlar fəaliyyət göstərir. Onların ləğvinə ehtiyac yoxdur.
M.Hacıyev onu da xatırladıb ki, bu gün yaradılan yaşıl marketlər yalnız özəl sektoru təmsil edir.
Ülviyyə R. Əli
www.oxu.az