Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yaşayan 50-yə yaxın mənzil sahibinə onların ünvanlarında dövlət reyestrindən çıxarışlar təqdim edib.
Bu barədə komitədən Oxu.Az-a bildirilib.
“Eləcə də, kampaniya çərçivəsində, sakinlərin digər hissəsindən mənzillərin qeydiyyata alınması üçün ilkin hüquqi sənədlər qəbul edilib.
Xətai rayonundakı kampaniya nəticəsində sakinlərin öz mənzillərinin qeydiyyatı üçün nəinki ərazi qeydiyyat idarələrinə getməli olmayıblar, onların hətta öz həyətlərini tərk etmələrinə də ehtiyac qalmayıb. Bütün proses binanın həyətində başlanıb və tamamlanıb”, - deyə komitədən qeyd edilib.
ƏMDK bildirib ki, bəzən hündürmərtəbəli binaları tikən mənzil tikinti kooperativləri tərəfindən komitənin adı hallandırılmaqla vətəndaşlara əsassız müraciət və tələblər edilir.
Bununla bağlı kampaniya çərçivəsində qanunvericiliyə uyğun olaraq yalnız istismara qəbul aktı olan və qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqından əlavə heç bir ödəniş edilmədən çıxarış verilir.
““Kütləvi çıxarış” kampaniyası növbəti həftələrdə də Bakı və regionlarda davam etdiriləcək”, - deyə komitədən qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az