2025-ci ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında müxtəlif təyinatlı 107 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.
Oxu.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, dövlətin maliyyə dəstəyi və özəl investisiyalar hesabına reallaşdırılan layihələr arasında xüsusilə çörək və un məmulatları, mebel, tikinti materialları, içki və qida məhsulları istehsalı üzrə yeni müəssisələr xüsusi yer tutur.
Hazırda muxtar respublika üzrə ümumilikdə 90 layihə çərçivəsində işlər davam etdirilir. Onlardan 38-i yeni yaradılan, 52-si isə mövcud fəaliyyətin genişləndirilməsinə yönəlib.
Həmçinin, muxtar respublikanın İqtisadiyyat Nazirliyi bu il sahibkarlara 36 lisenziya verib.
Verilmiş lisenziyalar əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, attraksionların istismarı, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, baytarlıq preparatlarının satışı, özəl baytarlıq xidməti, sürətli poçt fəaliyyəti üzrə sahələri əhatə edib.
Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 6500 icazə reyestrdə qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 96,6 faiz çoxdur. İcazələrdən daxilolmaların məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 min 613 manat və ya 52.7 faiz artaraq 152 min 423 manat olub.