Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək üçün kvotadan əlavə iş yerlərinin yaradılması, sosial müəssisələrin təşkili və məqsədli proqramların icrası üzrə tədbirlərin gücləndirilməsinə ayrılan dövlət vəsaitləri səmərəli istifadə olunmur.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Milli Məclisə təqdim olunmuş "2026-cı ilin büdcə zərfi"ndə əksini tapıb.
Sənəddə bildirilir ki, Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"nda da sosial cəhətdən həssas qrupların - o cümlədən cəzaçəkmə müəssisələrindən azad edilmiş, valideynlərini itirmiş və internat məktəblərini bitirmiş şəxslərin əmək bazarına çıxış imkanlarının genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.
2026-cı ildə sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə kvotadan əlavə iş yerlərinin yaradılmasına bir milyon manat, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə iki milyon manat, digər aktiv məşğulluq tədbirlərinə isə bir milyon manat olmaqla ümumilikdə dörd milyon manat vəsait nəzərdə tutulub.
Bu məbləğ cari ilin büdcəsində həmin istiqamətlər üçün ayrılmış vəsaitlə eyni səviyyədə saxlanılıb.
2025-ci ilin 9 ayı ərzində bu istiqamətlər üzrə heç bir xərc icra edilməyib. Halbuki ilin sonunadək nəzərdə tutulan vəsaitin tam xərclənməsi proqnozlaşdırılır. Qeyd olunur ki, əvvəlki illərdə də bu istiqamətlər üzrə vəsaitlərin icrası təmin olunmayıb.
Növbəti ildə sosial müəssisələrin yaradılması və məqsədli proqramların icrası üçün iki milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2024-cü ilin icra göstəricisindən 1.6 milyon manat və ya dörd dəfə çoxdur, eyni zamanda cari ilin təsdiq olunmuş göstəricisinə bərabərdir.