Oxu.Az Azərbaycanda iş axtarışı, iş elanlarının yerləşdirilməsi üzrə ən böyük portal Boss.Az-ın rəhbəri Dəniz Əhmədova ilə müsahibəni təqdim edir.
- Azərbaycanda belə bir fikir dolaşır ki, yüksək məvacibli iş yalnız əlaqələri yaxud bizdə deyildiyi kimi, “day-dayı” olanlara verilir. Siz, bu sahədə bir peşəkar kimi, bu barədə nə deyə bilərsiniz?
- Bəli, həqiqətən də cəmiyyətimizdə böyük şirkətlərə yalnız tanışlar və əlaqələrin köməyi ilə işə düzəlməyin mümkünlüyü barədə fikirlər dolaşır. Lakin özünüz düşünün, əgər sən ixtisaslı memar yaxud mühəndis deyilsənsə, bu zaman “day-day” sənə nə kömək edəcək? Yəni, yaxşı maaş verilən iş tapmaq insanın özündən də çox asılıdır. Əslində yüksək məvacibli işə düzəlmək üçün siz aşağıdakı keyfiyyətlərə vacibdir:
- siz yaxşı mütəxəssis, öz sahənizdə peşəkarsınız, tələb olunan sahədə iş təcrübəniz var, ambisiyalı, təşəbbüskar, inadkar, nəticəyə yönəlmiş insansınız, savadlı ünsiyyət saxlaya və komandada işləyə bilirsiniz.
İnkar etmirəm, bütün bunlarla yanaşı sizin yaxşı əlaqələriniz də olarsa, o zaman yüksək maaşlı işə düzəlmək daha asan olacaq. Bu gün yaşı 18-dən 30-dək olan gənclərimizin 1/3-ü öz arzusunun işini tanışlarının hesabına tapır. Bu normaldır və burada pis heç bir şey yoxdur. Lakin gəlin nəzərə alaq ki, yerdə qalan 2/3 hissə gənclər işi öz peşəkarlığı, bacarıqları və biliklərinə əsaslanaraq axtarıb tapır.
- Bu gün Azərbaycanda daha çox hansı peşə sahiblərinə ehtiyac var?
- Öz təcrübəmdən deyə bilərəm ki, bu gün aşağıdakı peşələr üzrə vakansiyalar daha çoxdur: satışlar, inzibati personal, maliyyə, istehsalat (mühəndislər), informasiya texnologiyaları, banklar və hazırda ən çox tələbatın olduğu peşələr – satıcılar və tibbi nümayəndələr.
Bu gün bizdə ən çox yayılmış peşələrdən biri də satıcıdır. Bu peşəyə tələbat daim yüksək olur. Satıcı, satıcı-məsləhətçi praktiki olaraq şirkətin simasıdır, o, müştərilərlə birbaşa əlaqə saxlayır, satışları həyata keçirməklə yanaşı, onlarla məsləhətlər də verir. Bu vəzifə üzrə iş axtarmaq istəyənlərə qarşı əsas tələblər – fəallıq, normal xarici görünüş və istənilən müştəri ilə dil tapmaq qabiliyyətidir.
Əczaçılıq sektorunda tibbi nümayəndələrə - məhsulların yayılmasında iştirak edən ən geniş mütəxəssis kateqoriyasına böyük tələbat müşahidə olunur. Bir çox şirkətlər bu istiqamətdə vakansiyaları bağlamaq üçün namizədlərə qarşı tələbləri azaldırlar: məsələn, son vaxtlar belə bir tendensiya müşahidə olunur: artıq, tibbi nümayəndə işləmək üçün “ali tibbi/əczaçılıq təhsili” meyarı aradan qalxır, yalnız satışlar sahəsində təcrübə tələb olunur.
- 500 manatdan yuxarı maaş almaq istəyən iş axtaran hansı qabiliyyətə və biliklərə malik olmalıdır?
- Əgər söhbət 500 manatdan yuxarı məvacibdən gedirsə, həmin şəxsin işləmək istədiyi sahədə 2-3 ildən çox təcrübəsi, ali yaxud orta ixtisas təhsili və mütləq qaydada yazılı ünsiyyət bacarığı, xarici dillər, kompüter və proqram təminatı bilikləri, işləmək istədiyi sahəni bilməsi, həmin işə aid xüsusi bilik və bacarıqlara yiyələnmiş olması vacibdir. Uğurlu namizədlərin əksəriyyəti internetdən fəal şəkildə istifadə edənlərdir.
İşəgötürəni həm də işçinin inadkarlıq, motivasiya, ünsiyyət qabiliyyəti, özünəinamlılığı, enerjili, qətiyyətli biri olması da maraqlandırır. Bütün bu keyfiyyətlər birbaşa işlə bağlıdır. Əgər siz qətiyyətli insansınızsa, o zaman işdə hansısa problem yaxud çətin vəziyyətlə qarşılaşdıqda geri çəkilməyəcəksiniz.
- İş təcrübənizdə hansı qeyri-adi vakansiya və CV-lərlə qarşılaşmısınız?
- “Müxtəlif təəssüratlar yaşatmaq üzrə menecer” yaxud “cəzalandırma mütəxəssisi” kimi qeyri-adi vakansiyalarla qarşılaşmamışam. Bizim cəmiyyətdə ən çox qeyri-adi qəbul edilən vakansiya maaşlarla bağlıdır, məsələn, bir müddət əvvəl Bakıda 12 min manat maaşın təklif olunduğu iş elanı böyük rezonans doğurmuşdu.
Qeyri-adi CV-lər isə tez-tez daxil olur. Bir müddət əvvəl tərcüməçi vəzifəsinə CV göndərilmişdi. Gənc oğlan “bacarıqlar” kateqoriyasında bütün dillərdən Azərbaycan dilinə tərcüməçi olduğunu, hətta Afrikanın bəzi tayfalarının dilini də bildiyini yazmışdı.
- İşsiz qalsanız işi hara axtarar və nəyi rəhbər tutardınız?
- Əlbəttə ki, Boss.Az-da (gülür).
- Azərbaycanda kimə iş tapmaq daha çətindir – qızlara yaxud oğlanlara? İnsanın xarici görünüşü onun işi daha tez tapmasına necə kömək edir?
- Tez-tez şahidi olursan ki, oğlanların əksəriyyəti qızlara iş tapmağın daha asan olduğundan şikayətlənirlər. Bir daha təkrar edirəm – bu, sizin hansı vəzifədə işləməyi istəməyinizdən asılıdır. Əgər söhbət kredit mütəxəssisindən gedirsə, bu, ilk növbədə oğlanlar, əməliyyatçılardan gedirsə - qızlardır. Lakin xarici görünüş mühüm rol oynayır, düşünürəm ki, bu aksiomadır, hansısa xüsusi dəlil-sübuta ehtiyacı yoxdur. İş təkcə təbiətdən gələn xarici görünüşdə yox, sizin özünüzə necə hörmətlə yanaşmağızdadır. Özünə hörmətlə yanaşan insanın xarici görünüşü də səliqəli olur. Kişi yaxud qadın olmağınız fərq etməz, səliqəli xarici görünüş insanın haqqında çox şeyi deyir və atalar məsələnini xatırladır: “insanı geyiminə görə qarşılayıb ağlına görə yola salarlar”.
- Necə düşünürsünüz, Azərbaycanda işsizlik yoxsa ixtisaslı işçi çatışmazlığı problemi var?
- Bütün dünyada olduğu kimi bizdə də işsizlik, həmçinin ixtisaslı işçi çatışmazlığı problemi var. Çox insanlar düşünür ki, yaxşı tanışlığı olmadan yaxşı iş tapmaq ehtimalı çox azdır, lakin bu belə deyil.
Boss.Az-da yerləşdirilmiş CV-lərə baxdıqda bu nəticəyə gəlmək olur ki, iş axtaranların əksəriyyəti iqtisadçı, bankir, mühasib, katibə, sürücü, ticarət agenti, merçendayzer və inzibati personala aiddir. Lakin onların arasında ən çox tələbatın olduğu, yüksək maaş təklif olunan istehsalat, sənaye, informasiya texnologiyaları sahəsində mütəxəssislər azdır.
Birinci halda kadrlar həddən çoxdursa, ikinci halda real kadr çatışmazlığı var. İşəgötürənlər üçün əsas problem də elə bundadır.
Elvin Əhmədov
www.oxu.az