Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,76% azalaraq 54,52 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,00% ucuzlaşaraq 51,27 dollar təşkil edib.
APA-nın məlumatına görə isə, ötən gün 16 aylıq maksimumu yeniləyərək 55 dollara çatan neftin qiyməti bu gün azalma dinamikası nümayiş etdirir.
Belə ki, bazar iştirakçıları neftin bahalaşmasının əsaslı olduğuna şübhə ilə yanaşır.
OPEK üzvləri tərəfindən neftin hasilatının azaldılması ilə bağlı əldə olunan razılıq bazarda müsbət ab-havanı qorumaqdadır.
Razılıq əldə olunduqdan sonra Brent markalı neftin qiyməti 19% bahalaşıb. Böyük ehtimalla, bu təşəbbüsü kartelə daxil olmayan neft istehsalçıları da dəstəkləyəcək.
“Energy Aspects” analitik şirkəti hesab edir ki, Rusiya sutkalıq hasilatı 11,2 mln. barreldən 11 mln. barrelədək, OPEK isə 32,8 mln. barrelədək (elan olunandan bir neçə yüz min ton az) azaldacaq.
“Wall Street Journal” yazır ki, hasilatın azaldılması ilə bağlı əldə olunan razılıq nəticəsində 2017-ci ilin I yarısında dünyada neft ehtiyatları gündə 500 min barrel azalacaq və bunun hesabına qiymətlər stabilləşəcək.
Bununla yanaşı, ABŞ-da şist neft istehsalçılarının aktivləşməsi neftin qiymətini 60 dolları keçməyə imkan verməyəcək.
Bazar iştirakçıları bu gün ABŞ-da neft ehtiyatlarına dair statistikanın açıqlanmasını gözləyir. Ehtiyatların azalacağı gözlənilir.
U.A.
www.oxu.az